Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı ilə Bakı şəhərində Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) işə başlayıb.
Ənənəvi olaraq təşkil olunan və 3 gün davam edəcək tədbir idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır.
COIA konfranslar silsiləsi 2005-ci ildə Azərbaycanda start götürüb; 2005, 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda keçirilib. 2011-ci ildə Türkiyədə – Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanda – Sofiya Texniki Universitetində keçirilib. Beynəlxalq tədbir Bakıda 6-cı dəfədir təşkil olunur.
“COVID-19” pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda – onlayn və əyani şəkildə keçirilir. Tədbirdə 30-dək ölkənin tanınmış alimləri iştirak edirlər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov konfransın açılışında çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz siyasətində elm, təhsil, ixtisaslı kadrların hazırlığı istiqamətini mühüm hesab edir. Bunun nəticəsidir ki, Azərbaycanda ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalı əsas məsələlərdəndir.
Nazir müavini əlavə edib ki, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” beynəlxalq konfransı uzun illərdir uğurla təşkil olunur. Böyük nüfuz qazanmış tədbir elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məqsədlərə xidmət edir.
“Konfransın əsərləri 2018 və 2020-ci illərdə “Web of Science” bazasına daxil olub. Məhz həmin illərdə Azərbaycan alimlərinin çap etdirdikləri məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında 1-ci yerə çıxıb”, – deyə Rövşən Rüstəmov vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan təbii resurslardan asılı iqtisadiyyatdan innovasiyaya əsaslanan iqtisadiyyata keçid etmək istəyir. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaradıcı və innovativ cəmiyyət”in qurulmasının zəruriliyi aydın şəkildə ifadə olunub. Yaradıcı və innovativ cəmiyyətə aparacaq yolda rəqəmsal transformasiya əsas amillərdəndir. Konfransın bəzi bölmələrinə təqdim olunan məqalələr də birbaşa rəqəmsal realizasiyalarla bağlıdır.
Nazir müavini beynəlxalq tədbirdə aparılacaq müzakirələrin ölkəmizdə rəqəmsal transformasiyanın həyata keçirilməsi işinə töhfə verəcəyinə, alimlərimizin konfransda dinləniləcək məruzələrdən istifadə edərək Azərbaycanda elmtutumlu tətbiqi işlər aparacağına, sənaye və iqtisadiyyatımızın inkişafına dəstək göstərəcəklərinə inandığını bildirib.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulin, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov çıxış ediblər. Çıxışlarda elmi nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi, optimallaşdırma və idarəetmənin aspektlərindən bəhs edilib, beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb.
Tədbir daha sonra sessiyalarla davam etdirilib.
Üçgünlük beynəlxalq konfransda ümumilikdə 293 məruzə dinləniləcək. Məruzələr “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Qeyri-səlis idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” kimi mövzuları əhatə edəcək.