Bakıda “IDC” beynəlxalq tədqiqat şirkətinin “İnnovasiyalar haqqında hər şey” mövzusunda konfransı keçirilib
Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə “IDC DX Day Roadshow 2018: İnnovasiyalar haqqında hər şey” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans çərçivəsində “Bulud”ların rəqəmli transformasiyada rolu”, “Təhlükəsiz rəqəmli transformasiyanı necə təmin etməli?”, “Əşyaların interneti” platformaları və şəxsi texnologiyalar”, “İritutumlu məlumatların analizi üzrə layihələr üçün informasiya texnologiyaları sahəsinə investisiyaları necə strukturlaşdırmaq olar?”, “Təhlükəsiz mobil iş yeri – məlumatlarla istənilən yerdə və istənilən vaxt işləmə”, “Süni intellekt – səmərəliliyin artırılmasında növbəti addım” kimi məsələlər əsas müzakirə mövzuları olub.
Konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaların tətbiqinin genişləndiyini, bu səbəbdən kiber təhlükəsizlik məsələlərinin mühüm rol oynadığını və bu sahəyə dövlət səviyyəsində diqqət göstərildiyini vurğulayıb. Hazırda kibertəhlükəsizlik üzrə milli strategiya hazırlandığını deyən E.Vəlizadə bu prosesə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və digər aidiyyatı qurumların cəlb olunduğunu bildirib.
Nazir müavini həmçinin, Azərbaycanda əlaqələndirici orqan olan İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın yaradıldığını da iştirakçıların nəzərinə çatdırıb.
“İndiyədək qanunvericiliyə uyğun olaraq bu vəzifələr müxtəlif dövlət strukturları arasında bölünmüşdü. Bu gün isə yeni Komissiya koordinasiyanın yaxşılaşdırılmasına və dövlət orqanlarının daha effektiv operativliyinin və birgə fəaliyyətinin təmin edilməsinə xidmət edəcək”, – deyə nazir müavini qeyd edib.
E.Vəlizadə vurğulayıb ki, bu istiqamətdə növbəti addım, həmçinin “rəqəmli hökumət”ə keçid konsepsiyasının hazırlanmasıdır. “Bu konsepsiyanın həyata keçirilməsi ölkədə bütün sektorları və həyat fəaliyyəti sahələrini əhatə edəcək. Hər yeni texnologiya sayəsində informasiya təhlükəsizliyi ilə əlaqədar müəyyən risklər yaranır. Hər bir insan və informasiya təhlükəsizliyi üzrə hər bir mütəxəssis mövcud rəqəmli tələblərə əməl etməli və gələcəkdə onları öz fəaliyyətində tətbiq etməyə çalışmalıdır. Ümid edirik ki, birgə səylərlə biz bu məqsədlərə nail olacağıq. Bu, çox böyük və vacib vəzifədir və bizim üçün yerli təşkilatlar və “IDC” kimi beynəlxalq şirkətlər arasında əməkdaşlığın qurulması mühüm əhəmiyyət kəsb edir”.
Nazir müavini onu da qeyd edib ki, Azərbaycan informasiya təhlükəsizliyi sahəsində yüksək peşəkarlığa malik mütəxəssisləri ilə məşhurdur. “Demək olar ki, müstəqillik dövründə ölkədə informasiya təhlükəsizliyi ilə əlaqədar ciddi insident baş verməyib. Bu da mütəxəssislərin yüksək səviyyəyə malik olmasının göstəricisidir. Lakin fəaliyyətin əlaqələndirilməsinin yüksəldilməsini tələb edən müəyyən məqamlar mövcuddur. Ümid edirik ki, tərəfimizdən hazırlanan sənədlər buna xidmət edəcək”, – E.Vəlizadə əlavə edib.
Konfransda, həmçinin “IDC” şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Monqolustan üzrə regional direktoru Andrey Beklemişev, “Lenovo Datacenter Group” şirkətinin Mərkəzi Asiya ölkələrində və Azərbaycanda Korporativ satışlar departamentinin rəhbəri Rasim Baxşı, “Check Point Software Technologies Ltd” şirkətinin təhlükəsizlik üzrə məsləhətçisi Aleksandr Rapp, “Qualys” şirkətinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə idarəedici direktoru Pavel Sotnikov və başqaları çıxış ediblər.