“Aztelekom” Şuşa şəhərini yüksəksürətli internetlə təmin edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi kimi “Aztelekom” MMC tərəfindən Şuşa şəhərində ilkin olaraq 500 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb və şəbəkə quraşdırılıb. Hazırda Şuşa şəhərində 99 abunəçi GPON texnologiyası xidmətlərindən yararlanır.
Qeyd edək ki, Azərbaycanın digər şəhər və rayonlarından “026 26” kodunu yığmaqla Şuşa şəhəri ilə əlaqə saxlanıla bilər. Beynəlxalq danışıqlar zamanı isə “+994 26 26X XX XX” yığım formatı tətbiq olunur.
Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Belə ki, yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri seçən abunəçilər tək internet xidməti deyil, həm də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər.