Xəbər

“Aztelekom” Masallı rayonunda 20 mindən artıq təsərrüfata yüksəksürətli internetə qoşulma imkanı yaradıb

Xəbər
“Aztelekom” Masallı rayonunda 20 mindən artıq təsərrüfata yüksəksürətli internetə qoşulma imkanı yaradıb

“Aztelekom” MMC Masallı şəhərində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. Masallı rayonunun İkinci Səmədxanlı, Bədəlan, Yusifli, Dəlləkoba, Çayqıraq, Aşurlu, Dəmirçi, Babaser, Qızılavar, Köhnə Alvadı, Təzə Alvadı, Böyük Kolatan, Bala Kolatan, Meşəkənarı, Böyük Xocavar, Banbaşı, Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndlərində işlər yekunlaşıb. Masallı şəhər mərkəzində 4538, Masallı rayonunda isə 9857 ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internet xidmətlərindən yararlanır.

Ümumilikdə Masallı rayonu ərazisində 20 403 ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internetlə əhatə edilib, 14 000-dən çox abunəçi xidmətlərdən yararlanır və yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur.

Xidməthaqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Masallı H.Əliyev pr.79), həmçinin qurumun saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2,29 milyona çatdırılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 78%-ni təşkil edir.