Azərbaycanla Serbiya arasında dənizçilərə verilən sənədlər qarşılıqlı olaraq tanınacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Serbiya Respublikasının tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç imzalayıblar.
Dəniz nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcək Anlaşma Memorandumu iki ölkə arasında müvafiq sahə üzrə təhsil və təlimin, dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması, habelə azərbaycanlı dənizçilər üçün yeni iş imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.