“Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi Lənkəran şəhərində təbliğ edilib
Lənkəranda təşkil edilən “Avropa şəhərciyi” adlı tədbirdə Polşa, Litva, Almaniya, Belçika, Latviya, Estoniya və digər Avropa İttifaqı ölkələrinin mədəniyyət və ənənələri ilə daha yaxından tanış olmaq imkanı yaradılıb.
Tədbir çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin benefisiarı olduğu “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi Polşa Respublikasının stendində təbliğ edilib.
Stendi ziyarət edən Polşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborskiyə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkoya, digər xarici və yerli rəsmilərə layihə barədə ətraflı məlumat verilib.
Tədbir zamanı layihənin “Yol hərəkətinin təhlükəsizliyi sahəsində insan resurslarının inkişafı, maarifləndirmə, təbliğat və təşviqat” adlı 3-cü komponentinə uyğun olaraq müvafiq işlər görülüb.
Tədbirdə yerli sakinlər və digər ziyarətçilər, xüsusilə də uşaqlar layihə çərçivəsində yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlandırılıb. Belə ki, yol hərəkəti qaydalarına dair müxtəlif viktorinalar, rəsm, sual-cavab və digər yarışma tipli oyunlar vasitəsilə həm sürücülərin, həm də piyadaların təhlükəsiz davranışının əhəmiyyəti vurğulanıb.
Tədbir əyləncəli oyunlarla ziyarətçilərin “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.