Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edilib – SİMA

Azərbaycanda yeni nəsil rəqəmsal imza təqdim edilib – SİMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC dövlət-özəl tərəfdaşlığı çərçivəsində “SVORT” və “Sinam” şirkətləri ilə birgə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza hazırlayıb. Bununla əlaqədar olaraq fevralın 11-də rəsmi şəxslərin, tərəfdaş şirkətlərin, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yeni imzanın ilkin versiyasının təqdimat tədbiri keçirilib. Bulud əsaslı yeni nəsil rəqəmsal imzanın üstünlükləri, eləcə də imzanın yaradılması zamanı istifadə olunan texnologiyalar haqqında geniş məlumat verilib. SİMA-nın biznes həlləri, o cümlədən brend daşıyıcıları iştirakçılara təqdim olunub.

 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov çıxışında ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı həyata keçirilən layihələrə toxunaraq bildirib ki, SİMA görülən işlərin tərkib hissəsidir. Müşavir qeyd edib ki, yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq. Rəşad Bayramov yeni yaradılan məhsulun Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcəyini, onlayn xidmətlərdən istifadəni təşviq edəcəyini deyib.

 

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov yaxın zamanda vətəndaşların istifadəsinə veriləcək SİMA-nın hər kəs üçün əlçatan olacağını deyib. Elxan Əzizov bildirib ki, mobil tətbiq vasitəsilə işləyən SİMA-nı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Məhsulun innovativliyinə toxunan qurum rəhbəri əlavə edib ki, SİMA rəqəmsal transformasiyanın bütün qollarını – dövlət, əhali və biznes istiqamətlərini əhatə edir.

 

Tərəfdaş şirkətlər – “SVORT”un Biznesin inkişafı üzrə müşaviri Kamal Əliyev və “Sinam”ın prezidenti Elçin Əliyev çıxışlarında dövlət-özəl tərəfdaşlığının səmərəliliyindən danışıblar. Qeyd olunub ki, layihədə iştirak özəl şirkətlərə rəqəmsal imza yaratmaqda böyük təcrübə qazandıracaq və SİMA-nın inkişafı üçün “AzInTelecom”la birgə fəaliyyət davam etdiriləcək.

 

Daha sonra “AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev yeni məhsulla bağlı geniş məlumat verib. Ruslan Əliyev bildirib ki, üztanıma, “açıq açar” və bulud texnologiyalarını özündə birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.

 

Qeyd olunub ki, SİMA-nın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlara maliyyə xərclərinin azaldılması, vaxt və sənəd itkisinin qarşısının alınması daxildir. SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, həmçinin avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

 

Tədbirdə yeni nəsil rəqəmsal imzanın əldə edilmə proseduru canlı şəkildə nümayiş olunub.