Xəbər

Azərbaycanda rəqəmsal radio yayımına keçidlə əlaqədar Tədbirlər Planı təsdiq olunub

Xəbər
Azərbaycanda rəqəmsal radio yayımına keçidlə əlaqədar Tədbirlər Planı təsdiq olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı” təsdiq edilib.

Rəqəmsal radio yayıma keçidlə əlaqədar Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radionun tətbiqinə başlanılması Azərbaycanda da bu standarta keçidlə əlaqədar müvafiq tədbirlərin görülməsini zəruri edib.

Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.

2019-cu ilin 26 avqust tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartında rəqəmsal radionun test yayımı həyata keçirilir.

Təsdiq edilmiş Tədbirlər Planının icrası nəticəsində 2026-cı ilədək respublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70 faizinin və 2027-ci ildə ölkə ərazisinin 99.6 faizinin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Bu prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək.

Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.

Eyni zamanda Sərəncamda rəqəmsal radio avadanlıqların ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.