Xəbər

Azərbaycan Yaponiyada keçirilən İnternet İdarəçiliyi Forumunda təmsil olunub

Xəbər
Azərbaycan Yaponiyada keçirilən İnternet İdarəçiliyi Forumunda təmsil olunub

Oktyabrın 8-dən 12-dək Yaponiyanın Kioto şəhərində İnternet İdarəçiliyi Forumu (IGF) keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndələrinin də təmsil olunduğu Foruma 178 ölkədən 9000-ə yaxın iştirakçı qatılıb. 

18-ci İnternet İdarəçiliyi Forumunun yüksək səviyyəli liderlər və bağlanış sessiyalarında RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov çıxış edib. B.Məmmədov internet idarəçiliyi ilə əlaqədar ölkəmizdə görülmüş işlər və birgə əməkdaşlıq imkanları barədə tədbir iştirakçılarını məlumatlandırıb.

İnternetin yaradıcılarından biri Vinton Serf ilə görüş zamanı ölkəmizdə informasiya texnologiyalarının inkişafı ilə əlaqədar fikir mübadiləsi aparılıb. V.Serf 2012-ci ildə Bakıda keçirilmiş İGF barədə xoş xatirələrinin olduğunu bildirib.

Forumun WSIS-ə həsr olunmuş sessiyasından sonra Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Doreen Bogdan-Martin ilə görüş keçirilib.

Qeyd edək ki, İnternet İdarəçiliyi Forumu internet və rəqəmsal inkişaf nəticəsində cəmiyyətin sürətli transformasiyası ilə bağlı qlobal çoxtərəfli forumdur. Hər il IGF-in illik toplantısı ən aktual internet idarəetmə tendensiyalarını və problemlərini müzakirə etmək üçün dünyanın hər yerindən maraqlı tərəfləri bir araya gətirir.