Xəbər

Azərbaycan və Türkiyə Rabitə Administrasiyaları arasında birgə radiomonitorinq və koordinasiya görüşü keçirilir

Xəbər
Azərbaycan və Türkiyə Rabitə Administrasiyaları arasında birgə radiomonitorinq və koordinasiya görüşü keçirilir

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023 – 2027-ci illər üçün Dövlət Proqramı”nda telekommunikasiya sahəsinin, o cümlədən mobil rabitə xidmətlərinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə müvafiq tədbirlər həyata keçirməkdədir.

Mobil rabitə xidmətlərinin əhatə dairəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi bu sahəyə əlavə investisiyaların qoyuluşu ilə yanaşı, radiotezliklərdən istifadə ilə bağlı sərhədyanı ölkələrlə texniki razılaşmalardan asılı olduğundan qonşu ölkələrlə bu istiqamətdə birgə monitorinq və koordinasiya  görüşlərinin keçirilməsi üzrə işlərə başlanılıb.

Türkiyə Respublikası ilə sərhədyanı ərazilərdə TV/radio yayımlarının və mobil rabitə xidmətlərinin tənzimlənməsinə dair 15-17 noyabr 2021-ci il tarixlərində Ankara şəhərində mütəxəssislər arasında ilk görüş keçirilib və müvafiq texniki razılaşmalar əldə olunub.

Ötən dövr ərzində hər iki ölkədə mobil rabitə texnologiyalarının inkişaf etdirilməsi, həmçinin qeyd olunan Dövlət Proqramında verilmiş tapşırıqların, o cümlədən Naxçıvan Muxtar Respublikasında mobil rabitə şəbəkələrinin tənzimlənməsi və inkişaf etdirilməsi üzrə müvafiq tədbirlərin görülməsinin zəruriliyi nəzərə alınıb. Belə ki, Türkiyənin rabitə administrasiyası ilə əldə olunmuş razılaşmaya əsasən, cari ilin 8-10 iyul tarixlərində sərhədyanı ərazilərdə birgə radiomonitorinqlər keçirilib. Bu radiomonitorinqlərin nəticələri üzrə texniki razılaşmalara yenidən baxılması üçün 11-12 iyul tarixlərində Naxçıvan şəhərində müzakirə keçirilir.

Bu müzakirələrdə müxtəlif tezlik zolaqlarından, o cümlədən radio və televiziya yayımı, yeni nəsil mobil rabitə şəbəkələri və digər yerüstü texnologiyaların tətbiqi üçün müvafiq tezlik zolaqlarından sərhədyanı ərazilərdə maneəsiz istifadənin təmin edilməsi məqsədilə birgə monitorinqlərin nəticələrinin təhlili və hər iki tərəfin mobil rabitə operatorları tərəfindən görüləcək zəruri texniki həllərə dair fikir mübadiləsi aparılır.

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, RİNN-in Dövlət Radiotezliklər İdarəsinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin, Türkiyənin İnformasiya Kommunikasiya Texnologiyaları Qurumunun və hər iki ölkənin mobil rabitə operatorlarının nümayəndələri iştirak edirlər.