Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat sahələrində ikitərəfli sənədlər imzalanıb

Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat sahələrində ikitərəfli sənədlər imzalanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu” imzalanıb.



Beynəlxalq avtomobil əlaqələri haqqında Saziş avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yük daşımalarının asanlaşdırılması və iki ölkənin səlahiyyətli qurumları arasında icazə blanklarının qarşılıqlı mübadiləsi üçün hüquqi baza rolunu oynayacaq.



Bununla yanaşı, Saziş avtomobil nəqliyyatı sahəsində əlaqələrin inkişafına, yüklərin vaxtında və maneəsiz daşınmasının təşkilinə, ticarət dövriyyəsinin və yük daşımalarının həcminin artmasına töhfə verəcək.



İKT sahəsində Anlaşma Memorandumu isə iki ölkənin müvafiq qurumları arasında yüksək texnologiyalar, birgə elmi tədqiqat işləri, eləcə də innovasiya və startap ekosisteminin inkişafı üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi zəmin rolunu oynayır.



Memoranduma əsasən, elm tutumlu texnologiyaların yaradılması və mənimsənilməsi üzrə birgə elmi tədqiqat proqramlarının həyata keçirilməsi, açıq elmi-texniki informasiya və texnologiyaların mübadiləsi, iki ölkənin startapları üçün inkubasiya və akselerasiya proqramlarının təşkili, eləcə də innovativ layihələrin birgə maliyyələşdirilməsi nəzərdə tutulur.