Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib
Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib.
Tədbirdə ölkələr arasında nəqliyyat, tranzit, kommunikasiya, ticarət və bir sıra digər istiqamətlərdə əlaqələndirilmiş əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu formatda ilk görüş bu ilin iyununda Bakıda keçirilib: “Cəmi bir neçə aydan sonra Gürcüstandan olan həmkarlarımızla birlikdə daha geniş tərkibdə yenidən görüşməyimiz Bakı görüşünün çox səmərəli keçdiyini sübut edir”.
Nazir qeyd edib ki, ötən müddət ərzində əhəmiyyətli nəticələrə nail olmuşuq. Birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Dəmir Yolları (ADY) proseslərinin optimallaşdırılması, çatdırılma müddətinin azaldılması, Əməliyyatları idarəetmə xidmətinin tətbiqi, Selektor müşavirələrin təşkili, Ortamüddətli planlaşdırma xidmətinin yaradılması və Yol xəritəsinin hazırlanması kimi zəruri işlər icra olunub.
“Şübhəsiz ki, əldə olunan irəliləyiş bütün cəlb edilmiş tərəflərin Orta Dəhliz boyu göstərilən xidmətlərin rəqabət qabiliyyətinin və keyfiyyətinin daha da artırılması üçün zəruri tədbirlər görməyə hazır olduğunu göstərir”, – deyə Rəşad Nəbiyev vurğulayıb.
Görüşün sonunda Azərbaycan, Türkiyə və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb.