Xəbər

Azərbaycan nümayəndə heyəti Süni intellekt standartlaşdırması üzrə Texniki Komitənin iclasında iştirak edib

Xəbər
Azərbaycan nümayəndə heyəti Süni intellekt standartlaşdırması üzrə Texniki Komitənin iclasında iştirak edib

Sinqapurda Beynəlxalq Standartlaşdırma Təşkilatının Süni intellekt (Sİ) standartlaşdırması üzrə Texniki Komitəsinin (ISO/IEC JTC 1/SC 42) plenar iclası keçirilib. Tədbirdə İnformasiya-kommunikasiya texnologiyaları standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK-05) sədri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Texniki Komitənin əlaqələndiricisi, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) şöbə müdiri Firuzə Bəhri iştirak ediblər.

Amerika Milli Standartlar İnstitutunun sədrliyi ilə keçirilən plenar iclasa 30-dan artıq ölkənin standartlaşdırma qurumlarının nümayəndələri, süni intellekt sistemləri üzrə mütəxəssislər, həmçinin Beynəlxalq Standartlaşdırma Təşkilatı, Beynəlxalq Elektrotexnika Komitəsi, Elektrik və Elektronika Mühəndisləri Standartları Assosiasiyasının təmsilçiləri qatılıblar.

Toplantının məqsədi beynəlxalq standartların praktiki tətbiqini təşviq etmək, Sİ idarəetmə çərçivələrinin səmərəliliyini, iştirakçıların texniki və institusional biliklərini artırmaq, ölkələrarası əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirməkdən ibarət olub.

Tədbirdə beynəlxalq standart layihələri barədə üzv ölkələrin rəy və təklifləri müzakirə edilib.

Plenar iclas iştirakçılarına “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 − 2028-ci illər üçün Fəaliyyət Planı” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması barədə məlumat verilib.

Azərbaycan nümayəndələri tədbirdə Beynəlxalq Standartlaşdırma Təşkilatının təşkil etdiyi “Süni intellekt idarəetməsi və standartları sahəsində bacarıqların artırılması” layihəsi çərçivəsində iştirak ediblər. Layihə üzrə, həmçinin süni intellektin idarə olunması sahəsində beynəlxalq və milli standartlara uyğun tənzimləmə təcrübələrinə dair məlumat sessiyaları təşkil olunub, Sİ siyasəti və standartlaşdırılması istiqamətində bilik və təcrübə mübadiləsi aparılıb.

Süni intellekt standartlaşdırması üzrə Texniki Komitə (ISO/IEC JTC 1/SC 42) 2017-ci ildə süni intellekt sistemlərinin standartlaşdırılmasına dair beynəlxalq tələb və meyarların müəyyən edilməsi məqsədilə yaradılıb. Komitə ümumilikdə 41 beynəlxalq standart və 50 standart layihəsi hazırlayıb. Hazırda 14 işçi qrupu fəaliyyət göstərir.