Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Nəqliyyatın İdarə Olunması Şurasının iclasında təmsil olunub
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyatın İdarə Olunması Şurasının onlayn formatda növbədənkənar iclası keçirilib.
Azərbaycanın da təmsil olunduğu toplantıda BNF-nin 2027-ci il üzrə İş Proqramı və büdcəsinin ilkin layihəsi müzakirə edilib. Təşkilatın 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri, Nəqliyyat Tədqiqatları Komitəsinin xüsusi tədqiqat layihələri, Ölkəyə Xas Siyasət Təhlili (CSPA) layihələri, eləcə də Korporativ Tərəfdaşlıq Şurasının planlaşdırılan tədqiqatları nəzərdən keçirilib.
Azərbaycan nümayəndəsi Əliş İsmayılov müzakirələrdə bir sıra təkliflərlə çıxış edib. O, mövcud resurslardan daha səmərəli istifadənin vacibliyini vurğulayıb. Eyni zamanda üzv ölkələr üçün həyata keçirilən CSPA layihələrinin seçilməsi və prioritetləşdirilməsində sistemli meyarların tətbiqi dəstəklənib.
Azərbaycan nümayəndəsi, həmçinin təşkilatın uzunmüddətli inkişafı və strateji istiqamətləri barədə üzv ölkələr arasında açıq müzakirələrin aparılmasını təklif edib. Bu çərçivədə BNF-nin gələcək fəaliyyət modeli, prioritetləri və qlobal nəqliyyat siyasətində rolu ilə bağlı uzunmüddətli yanaşmanın əhəmiyyəti qeyd olunub.
İclasda Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Kanada, Fransa, Mərakeş, Çexiya və digər üzv ölkələrin nümayəndələri də çıxış ediblər. Səsləndirilən rəy və təkliflərin BNF-nin 2027-ci il üzrə fəaliyyətinin təkmilləşdirilməsi zamanı nəzərə alınması planlaşdırılır.