Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Məşvərət Heyətinin təsis iclası keçirilib
Martın 29-da Vyanada Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının Məşvərət Heyətinin təsis iclası keçirilib.
İclasda Məşvərət Heyətinin həmsədri, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Qeyd edilib ki, Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir, ötən il Vyanada hökumətlərarası komissiyanın iclası keçirilib. Yeni yaradılan Şura və onun Məşvərət Heyəti gələcəkdə həm iqtisadi, həm də digər sahələrdə əlaqələrin inkişafına böyük töhfə verəcək.
Avstriyanın federal vitse-kansleri Haynts-Kristian Ştraxe keçən il Bakıya baş tutan səfərini xatırladaraq, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının yaradılması təşəbbüsünə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib. Bildirilib ki, ötən ilin payızında təsis edilən Əməkdaşlıq Şurası işgüzar dairələr arasında əlaqələrin dərinləşməsində vacib rol oynayacaq və hökumət üzvlərindən ibarət Məşvərət Heyəti bu istiqamətdə mühüm töhfələr verəcək.
İclasda həmçinin kənd təsərrüfatı naziri İnam Kərimov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avstriyanın nəqliyyat, infrastruktur və texnologiyalar üzrə federal naziri Norbert Hofer, Avstriyanın əmək, sosial məsələlər, səhiyyə və istehlakçıların hüquqlarının müdafiəsi üzrə federal naziri Beate Hartinqer-Klayn, Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının həmsədrləri Nəriman Baxişev və Verner Müller çıxış ediblər.
Sonra Avstriya və Azərbaycan şirkətləri prioritet layihələrlə bağlı təqdimatlar keçiriblər. Təqdimatlarda informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, qida sənayesi, infrastrukturun inkişafı və digər sahələrdə fəaliyyət göstərən şirkətlər öz layihələrini təqdim ediblər.
Yekunda Məşvərət Heyətinin həmsədrləri bu heyətin təsis edilməsinə dair protokol imzalayıblar.