31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) bağlanış mərasimi keçirilib.

 

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Olimpiada iştirakçılarının 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görülüb.

 

“IOI” prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb.

 

Mərasimdə yarışın 2020-ci il iyulun 19-26-da Sinqapurda keçiriləcəyi elan edilib. Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub. Daha sonra ölkəmiz haqqında film nümayiş edilib. Tədbir bədii hissə ilə davam etdirilib.

 

Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak ediblər.