15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü ilə əlaqədar videokonfrans keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi YAP ərazi ilk partiya təşkilatı 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Gününün qeyd olunması ilə əlaqədar videokonfrans formatında tədbir keçirib.
Videokonfransda Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş hadisələr barəsində ətraflı məlumat verilib. Bildirilib ki, həmin dövrdə hakimiyyətdə olmuş AXC – Müsavat cütlüyünün səriştəsiz rəhbərliyi nəticəsində Azərbaycanın siyasi, hərbi, iqtisadi və digər sahələri xaosa bürünmüş, Gəncə şəhərində baş verən hadisələr praktiki olaraq ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi. Böyük dövlət idarəçiliyi təcrübəsi olan Heydər Əliyev baş verən hadisələri təhlil edərək, həyatı üçün böyük risklər olmasına baxmayaraq dərhal Gəncə şəhərinə getdi. Bu dahi şəxsiyyət öz müdrikliyi, uzaqgörənliyi, apardığı fenomenal siyasəti ilə mövcud qardaş qırğınının qarşısını aldı, ölkəni düşdüyü siyasi xaosun girdabından xilas etdi.
Çıxışçılar qeyd ediblər ki, həmin gərgin zamanda – iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Ötən dövr göstərdi ki, 15 iyun müstəqil Azərbaycanın tarixində böyük dönüş anı oldu. Məhz bu tarixdən sonra ölkəmizin həyatında yeni bir dövr başladı. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən tədbirlər, o cümlədən dövlət müstəqilliyinin qorunub saxlanılması, hərbi quruculuq, müasir dövlət idarəçiliyi mexanizmlərinin və təsisatlarının yaradılması, dövlətimizin konstitusiyasının hazırlanması və qəbul edilməsi, yeni parlamentin formalaşdırılması, hərbi münaqişədə atəşkəs rejiminə nail olunması, iqtisadi sferada baş verən fundamental islahatlar, beynəlxalq münasibətlərdə reallaşdırılan layihələr sayəsində Azərbaycan Respublikası bütün dünya birliyi tərəfindən qəbul edilən müstəqil, demokratik, müasir bir dövlət kimi bərqərar olub.
Tədbirin sonunda vurğulanıb ki, 1993-cü ilin 15 iyun tarixindən başlayaraq Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində öz müstəqilliyini qoruyan və möhkəmlənən dövlətimiz hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik və məqsədyönlü siyasət nəticəsində gündən-günə daha da qüdrətlənən müasir, modern bir ölkəyə çevrilib.