Xəbər

1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb

Xəbər
1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb

2 iyun tarixində Bakı Konqres Mərkəzində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin də dəstək olduğu forum 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisi çərçivəsində keçirilir.

Forum iştirakçılarını salamlayan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov son illərdə ölkənin nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayıb. Nazir müavini bu layihələrin müasir beynəlxalq çağırışlara uyğunlaşdırılaraq inklüzivlik, ətraf mühitin qorunması, dekarbonizasiya, innovasiya və rəqəmsallaşma kimi vacib elementləri özündə əks etdirdiyini diqqətə çatdırıb.

S.Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə 8 ölkənin iştirakı ilə imzalanmış TRASEKA layihəsi Azərbaycanın beynəlxalq nəqliyyat sektoruna qədəm qoymasını və logistika əməliyyatlarında tranzit dəhlizi rolunda çıxışını mümkün edən ən vacib layihə olmuşdur.

Nazir müavini, həmçinin Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi və tranzit perspektivlərindən danışıb. Xüsusilə ölkəmizin beynəlxalq nəqliyyat sistemində mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən ən böyük infrastruktur layihələrindən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi barədə məlumat verib. Qeyd edib ki, Limanın yükaşırma qabiliyyətinin 25 milyon tona çatdırılması, həmçinin burada müxtəlif təyinatlı ərzaq və yük terminallarının və logistika mərkəzlərinin tikintisi nəzərdə tutulur.

S.Məmmədov, o cümlədən işğaldan azad olan ərazilərdə yeni avtomobil yolları, dəmir yollarının tikintisi və reabilitasiyası, beynəlxalq hava limanlarının tikintisi istiqamətində görülən işlər barədə məlumat verib.

İlk dəfə təşkil olunmuş forumda dövlət qurumları və nəqliyyat sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq təmsilçiləri arasında məlumat və təcrübə mübadiləsinin aparılması, konstruktiv müzakirə və eyni zamanda yeni əməkdaşlıqların əsasının qoyulmasına imkan yaradacaq.