“Yüksək Texnologiyalar Həftəsi”nə start verilir
5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2017” sərgi-konfransı keçiriləcək və beləliklə də “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək. Bu münasibətlə bu gün “Park Inn” oteldə mətbuat konfransı keçirilib. Tədbirdə nazir müavini Elmir Vəlizadə, “Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stroon, “İteca Caspian” şirkətinin nümayəndələri iştirak edib.
Tədbirdə qeyd edilib ki, “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT-nin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumat mübadiləsi və emalı məqsədi ilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.
Nazir müavini Elmir Vəlizadə öz çıxışında qeyd edib ki, ənənəvi olaraq uzun müddətdir keçirilən “Bakutel” sərgisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə baş tutur. O bildirib ki, ölkə başçısının və birinci-vitse prezident Mehriban Əliyevanın “Bakutel” sərgisini ziyarət etməsi artıq bir ənənəyə çevrilib.
“Bildiyiniz kimi, “Bakutel” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatların dəstəyi “Bakutel” sərgisinin beynəlxalq nüfuzundan xəbər verir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir”.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunduğunu vurğulayan E.Vəlizadə bu il dünyanın 10 ölkəsinin – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiyanın milli pavilyonlarında innovativ layihələrini, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklərini bildirib.
Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələr nümayiş olunacaq.
“Ənənəvi olaraq, sərgidə bu “startap”lara böyük diqqət yetirilir. Regionun ən böyük İKT tədbirində sənaye liderləri və dövlət strukturları ilə yanaşı, iştirak etmək onların layihələrini dövlət və özəl təşkilatlar tərəfindən verilən investisiyaları almaq üçün təqdim etməyə unikal fürsət yaradır. Ümumilikdə, sərgi çərçivəsində 20 məhsul təqdim olunacaq. Bu məhsullar arasında düz qamətin formalaşdırılmasına kömək edən “Spinal” qurğusu və mobil tətbiqi, Azərbaycan apteklərində lazımı dərman preparatını asanlıqla və istənilən vaxt tapmaq üçün “Tabletka.az” tətbiqi, Azərbaycanda ilk və yeganə ekoloji təmiz “VeloKuryer” kuryer şirkəti, əl ilə çəkilmiş istənilən eskizi smartfona göndərən və müvəqqəti mürəkkəbi olan “Wand” qələmi, eləcə də milli komiks, oyuncaq, animasiya və vətənpərvərlik ruhunda videoların hazırlanması istiqamətində iş aparan “İRS Cizgi” komandasının məhsulları yer alır” - deyə nazir müavini bildirib.
Daha sonra çıxış edən “Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stroon qeyd edib ki, bu ilki sərgi dünyanın 20 ölkəsini təmsil edən 192 şirkəti bir araya toplayır. Onların arasında Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr var. İştirakçılar arasında aparıcı İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır.
“Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Sərgiyə ilk dəfə qatılacaq iştirakçılar arasında BMC Software, Hikvision, Qmatic, Nexus Telecom və digər yerli şirkətlər var. 20 ildən artıq müddət ərzində tədbirin iştirakçısı olmuş “Azercell” şirkəti “Bakutel” sərgisinin baş sponsoru qismində çıxış edir. Dörd gün davam edən sərgi yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyalar, bank texnologiyaları, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq”.
Ənənəvi olaraq, sərgini xarici mütəxəssislər, İKT qurumların rəhbərləri ziyarət edirlər. Bu il sərginin şərfəli qonaqları arasında: Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao, Regional Rabitə Birliyin baş direktoru Nurudin Muhitdinov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Halil İbrahim Akca, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromi, Rusiya Federasiyasının rabitə və kütləvi informasiya naziri Nikolay Nikiforov, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Ahmet Arslan, Qazaxıstan Respublikasının İnformasiya və Rabitə Nazirliyinin Telekommunikasiya üzrə Komitəsinin sədri Adil Kojihov, Belarus Respublikasının rabitə və informasiyalaşdırma nazirinin müavini Anna Ryabova, Əfqanıstan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Məhəmməd Hadi Hedayəti, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin (TRA) baş direktoru Hamad Əl Mansuri, "İntersputnik"in baş direktoru Vadim Belov və digərləri yer alır.
Sərginin işgüzar tədbirlərdən ibarət 4 günlük proqramı da olduqca zəngindir. Sərginin proqramı müxtəlif konfrans və görüşlərdən ibarətdir. İşgüzar proqramı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yüksək səviyyəli görüş; İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları nazirlərinin 2-ci toplantısı; “E-Hökumət, E-iştirak və Açıq hökümət üzrə milli potensialın inkişaf etdirilməsi” seminarı; “EU4 Digital: İKT innovasiya şəbəkəsi” üzrə II seminarı; “V Regional İnternet İdarəçilik Forumu”; “Asiya-Sakit okean İnformasiya Magistralı və Trans-Avrasiya Super İnformasiya Magistralı təşəbbüslərinin tətbiqini sürətləndirilməsi” seminarı keçiriləcək.
Həmçinin “Bakutel-2017” sərgisinin təşkilatçıları tərəfindən planlaşdırılmış işgüzar proqram çərçivəsində “Birləşmiş dünyada yeni imkanlar” mövzusunda İKT konfransı keçiriləcək. Konfrans çərçivəsində çıxışlar və sərgidə iştirak edən aparıcı şirkətlərin, o cümlədən “Agile”, “Comfort International”, “Elcore Group”, “Microsoft Azerbaijan”, “Huawei”, “Bestcomp Group”, “Nokia”, “Softline”, “SMART Business” və s. şirkətlərin məhsul, xidmət və layihə təqdimatları olacaq.
Sərginin birinci və ikinci günlərində “B2B” formatlı görüşlər keçiriləcək və bu görüşlər zamanı sərgi iştirakçıları və peşəkar ziyarətçilər biznes əlaqələri üçün əlavə imkanlar əldə edəcəklər.
Həmçinin işgüzar görüş və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını informasiya texnologiyalarının istifadə olunduğu sürpriz, müsabiqə və viktorinalar da gözləyir. Foyedə “Photobox” aparatı quraşdırılacaq və arzu edən ziyarətçilər bu aparatın köməyi ilə fotoşəkil çəkdirə və yerindəcə çap olunan fotoşəkili e-poçt ünvanına göndərə və ya sosial şəbəkələrdə paylaşa bilər. Sərgi kompleksinin ikinci zalında isə Oyun zonası yerləşir. Burada yerli “startap”lar - “Pazl xalça” və “Yüksəklik” tərəfindən hazırlanmış, eləcə də “Omarov's Game Studio” şirkətinin təqdim etdiyi oyunlar təqdim olunacaq.
Foyedə “Caspian Event Organisers” şirkətinin daimi tərəfdaşı – “Ağıl və Bilgi” şirkətinin iştirakı ilə uşaq zonası təşkil olunacaq. Böyüklərin sərgidə rahat vaxt keçirməsi üçün “Ağıl və Bilgi” şirkətinin nümayəndələri uşaqları maarifləndirici oyunlar və faydalı məşğuliyyətlərlə əyləndirəcəklər.
Beləliklə, ölkənin İKT sektorun əsas tədbiri olan beynəlxalq “Bakutel” sərgisinin yolunu səbirsizliklə gözləyir və bu sərgiyə xüsusi hazırlaşır.
Sərgi zamanı “Bakutel-2017” sərgisinin gündəlik xəbərləri” qəzetinin xüsusi buraxılışı dərc ediləcək ki, bu qəzetdə sərgi iştirakçıları və sərgi çərçivəsində keçirilən tədbirlər barədə ətraflı məlumatlar yer alacaq. “Caspian Event Organisers” şirkətinin 2017-ci il üzrə tərəfdaşları arasında “Premier Tour” şirkəti (rəsmi turoperator), “Qafqaz Point Hotel” və “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) yer alır. Bu il sərginin ikinci günü rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunması ilə üst-üstə düşür. Fürsətdən istifadə edərək, təşkilatçılar hər zaman sərgiyə dəstək göstərən və fəal iştirak edən bu sahə əməkdaşlarını təbrik edirlər.
Sərgi haqqında ətraflı məlumat www.bakutel.az saytında yerləşdirilib.