“Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi üzrə işlərin intensivləşdirilməsi üçün növbəti yüksək səviyyəli görüş keçirilib
Bakıda “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə növbəti yüksək səviyyəli görüş keçirilib.
Toplantıda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İKT sahəsinin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar fonunda TASİM layihəsinin əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, layihə Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzindədir və ölkə başçısının birbaşa dəstəyi ilə, son illər qonşu dövlətlərlə sıx əməkdaşlıq münasibətləri şəraitində bir sıra uğurlu regional infrastruktur layihələri həyata keçirilir.
Layihəyə qlobal səviyyədə siyasi dəstək verildiyini də qeyd edən nazir 2009, 2012 və 2013-cü illərdə BMT-nin Baş Assambleyasında TASİM layihəsi ilə bağlı üç qətnamənin yekdilliklə qəbul olunduğunu xatırladıb.
R.Quluzadə 2017-ci ildə TASİM layihəsi üzrə danışıqların daha da intensivləşdiyini və real nəticələr əldə olunduğunu qeyd edib.
“Bilirsiniz ki, il boyu biz müxtəlif formatlı tədbirlərdə görüşürük və TASİM layihəsini də daim diqqətdə saxlayırıq. İl ərzində TASİM konsorsiumuna daxil olan 4 ölkənin (Rusiya, Çin, Türkiyə, Qazaxıstan) Bakıdakı səfirləri, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi (SOCAR) ilə görüşlər keçirilib. Bunun davamı olaraq, sentyabrda Almatı şəhərində TASİM işçi qrupunun növbəti iclası baş tutdu. Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində TASİM layihəsi üzrə xüsusi alt-qrup fəaliyyət göstərir və bu ilin noyabrında Türk Şurasının İstanbulda keçirilmiş nazirlər görüşündə digər məsələlərlə yanaşı, TASİM layihəsi üzrə faydalı müzakirələr apardıq”.
Nazir TASİM layihəsinin ticarət, turizm və iqtisadi inkişafa töhfə verməklə yanaşı, müxtəlif dövlətlərdə yaşayan xalqların yaxınlaşmasına və davamlı inkişaf məqsədlərinə çatmasına yardım edəcəyinə inandığını bildirib. O, tərəfləri işlərin sürətləndirilməsi üçün zəruri sənədləri imzalamağa dəvət edib.
Toplantıda Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan çıxış edərək bildirib ki, TASİM layihəsi gələcəyə hesablanıb. O, Türkiyə tərəfinin layihənin reallaşdırılması istiqamətində hər cür əməkdaşlığa hazır olduğunu qeyd edib. O, bu layihənin iqtisadi-siyasi əlaqələrin inkişafı baxımından böyük rola malik olduğunu vurğulayıb.
Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov qeyd edib ki, layihə geniş olmaqla bərabər, texniki nöqteyi-nəzərdən bir qədər də çətin relyefə malikdir. Lakin bütün bunlar layihələndirmədə diqqətlə nəzərə alınıb. O bildirib ki, Rusiya tərəfi Cənubi Qafqaz regionu üçün əhəmiyyətli olan bu layihədə təmsil olunur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə bugünkü görüşündə Azərbaycanın regional əhəmiyyətli infrastruktur layihələrini uğurla icra etdiyini öyrəndiyini bildirən Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Cao TASİM layihəsinin də qısa zamanda reallaşacağına əminliyini ifadə edib. O, layihəni təkcə Azərbaycan üçün deyil, Avropa və Asiya qitələri üçün də nəhəng telekommunikasiya infrastrukturu adlandırıb.
Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Çen Jiaçun layihənin reallaşmasına olduqca yaxınlaşıldığını qeyd edib. “Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi olaraq bu layihədə iştirak edirik, inanırıq ki, tezliklə bu layihə işə düşəcək və müsbət nəticələr əldə olunacaq. Hesab edirəm ki, “China Telecom”un bu layihədə iştirakı olduqca əhəmiyyətlidir”.
“China Telecom”un vitse-prezidenti Yang Liu çıxış edərək TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki iqtisadi əsaslandırmanın aparılması üçün Azərbaycan tərəfindən irəli sürülmüş birgə büdcənin yaradılmasını müsbət qiymətləndirib. “Ötən gün biz bu protokolu imzaladıq. Hesab edirəm ki, bu, növbəti mərhələyə keçid üçün uğurlu nəticədir”.
Sonda tərəflərin birgə qərarı ilə layihənin reallaşdırılması üzrə işlərin intensivləşdirilməsi üçün memorandum imzalanması ilə bağlı qərar qəbul olunub.
Məlumat üçün bildirək ki, vacib regional təşəbbüs olan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurt şəhərindən Honq-Konq şəhərinə istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropa və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya çatacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşa ərazisindən keçəcək.
TASİM uzunmüddətli təşəbbüsdür və mərhələlərlə həyata keçiriləcək. Strateji baxımdan TASİM-in reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. Bu tranzit infrastrukturu TASİM-in kommersiya baxımından əlverişli və sürətlə artan beynəlxalq IP internet tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına imkan yaradacaqdır.
İkinci mərhələdə TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcəkdir. Milli telekom infrastrukturunun inkişaf planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdiriləcək və TASİM şəbəkəsinə birləşdiriləcəkdir.
TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki iqtisadi əsaslandırmanın aparılması üçün birgə büdcənin yaradılması Azərbaycan tərəfindən irəli sürülüb, təklif müsbət qarşılanaraq protokolda öz əksini tapıb.