“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Smart Qarabağ” Hakatonuna qeydiyyat başa çatdı
Qarabağın dirçəliş proqramına töhfə vermək istəyən 188 proqramçı və texnologiya həvəskarı “Ağıllı şəhər” konsepsiyası üzrə təşkil olunacaq yarışmaya müraciət ünvanlayıb.
Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Smart Qarabağ” Hakatonuna qeydiyyat yekunlaşıb.
Azərbaycandan, ümumilikdə 131 nəfər beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib. Bununla yanaşı, “Smart Qarabağ” Hakatonunda iştirakla bağlı Türkiyə Respublikasından 57 müraciət daxil olub.
Münsiflər heyəti daxil olmuş 188 müraciəti tədbirin şərtləri çərçivəsində qiymətləndirərək növbəti mərhələyə keçid alan iştirakçıları təyin edəcəklər.
Qeyd edək ki, “Əşyaların interneti”, “Süni zəka”, “Maşın öyrənilməsi”, “Bulud” və digər aparıcı texnologiyaları özündə cəmləşdirən “Ağıllı şəhər” konsepsiyası üzrə keçiriləcək “Smart Qarabağ” Hakatonu təhsil, nəqliyyat, kənd və ev təsərrüfatı, enerji və su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.
Əlavə məlumat əldə etmək üçün:
050 251 40 28
office@teknofest.az