“TEKNOFEST Azərbaycan” çərçivəsində Bakıda kiber idman üzrə Avropa çempionatı keçiriləcək

“TEKNOFEST Azərbaycan” çərçivəsində Bakıda kiber idman üzrə Avropa çempionatı keçiriləcək

“Rocket League” mərhələsi üzrə Avropanın ən güclü kiber atletləri Bakıda güclərini sınayacaqlar.

 

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Rocket League” üzrə Avropa çempionatına qeydiyyat başlayıb.

 

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.

 

Kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi “Bakı Kristal Zalı”nda təşkil olunacaq. Yarışın milli təsnifat mərhələsi üzrə yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları tədbirdə iştirak hüququ qazanır.

 

Həmçinin bildiririk ki, Avropa çempionatının “CS:GO” mərhələsi cari ilin 5 – 6 iyul tarixində Rumıniyada, “eFootball” mərhələsi avqust ayında Monteneqroda və “DOTA 2/Free Fire” mərhələsi isə 20 – 25 sentyabrda Albaniyada təşkil olunacaq.

 

Qeyd edək ki, paytaxt Bakı 2014-cü ildə kiber idman üzrə beynəlxalq tədbirə ev sahibliyi edib. Kompüter oyunları üzrə 6-cı Dünya çempionatı (6th e-Sports World Championship 2014, Baku) zamanı 30 ölkədən 300-dən çox iştirakçı tədbirdə iştirak edib.

 

26 – 29 mayda keçiriləcək “Rocket League” mərhələsi üzrə Mükafat Fondu 15.000 ABŞ dolları təşkil edir.

 

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 1 aprel 2022-ci ildir.

 

Əlavə məlumat əldə etmək üçün:

 

           050 251 40 28

            office@teknofest.az

            teknofest.az