SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

SİMA ilə “TuranBank”da əmanət yerləşdirmək daha əlçatan oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaşları sırasına “TuranBank” da qoşuldu. SİMA-nın “TuranBank”ın sisteminə inteqrasiyası nəticəsində banka əmanət yerləşdirən zaman sənədlərin SİMA ilə imzalanması mümkün oldu. Bu, müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən “TuranBank”a əmanət qoymağa imkan verir.

 

SİMA vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq. Hazırda “AzInTelecom” və “TuranBank” bu istiqamətdə birgə iş aparır.

 

SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

 

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Bunlar arasında maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

 

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

 

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.