RİNN-də Massaçusets Texnologiya Universitetinin təqaüdünü qazanmış şagirdlə görüş keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Massaçusets Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanmış Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynovla görüş keçirilib.
Görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşavirləri Fərid Əhmədov, Rəşad Bayramov və “AzInTelecom” MMC-nin İdarə Heyətinin üzvü İnarə Vəliyeva iştirak ediblər.
İştirakçılar şagirdi dünyanın top universitetlərindən olan Massaçusets Texnologiya Universitetinin təqaüdünü qazanması münasibətilə təbrik edib, ona təhsil həyatında uğurlar arzulayıblar.
Qeyd edilib ki, Azərbaycan gənclərinin bu kimi uğurlara imza atması qürurvericidir və gəncliyimizin yüksək intellektual potensiala malik olduğunu göstərir.
Görüşdə Salman Hüseynova gələcəkdə nazirliyin qurumlarında təcrübə keçmək imkanı yaradılacağı bildirilib və onun ölkəmizin rəqəmsal inkişafına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Salman Hüseynov səmimi qəbula, göstərilən diqqətə görə minnətdarlığını bildirib.