Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələrinin əl işlərinin IV sərgi-satış yarmarkası keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində şəhid ailələrinin əl işlərinin IV sərgi-satış yarmarkası keçirilib.
Layihənin məqsədi bu ailələrin sosial rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaq, həmçinin onların yaradıcılıq potensiallarını üzə çıxararaq cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov tədbirdə çıxış edərək Nazirliyin bu təşəbbüsünün ənənəyə çevrildiyini və şəhidlərin yaxınlarına dəstəyin mənəvi borc olduğunu vurğulayıb: “Sərgidə təqdim olunan əl işləri iştirakçıların yaradıcılıq potensialını əyani şəkildə göstərir. Xüsusilə gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi və ilk qazanc təcrübəsini yaşaması təqdirəlayiq haldır”.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxışında qeyd edib ki, bu cür təşəbbüslər şəhid ailələrinə yalnız maddi dəstək deyil, həm də mənəvi güc verir:
“Burada nümayiş olunan əl işləri onların istedadının, səbrinin və böyük zəhmətinin nəticəsidir. Belə layihələr şəhid ailələrinin üzvlərinə özlərini cəmiyyətdə dəyərli və faydalı hiss etmək imkanı yaradır”.
Sərgidə 22 şəhid ailəsi üzvünün 425-dək əl işi nümayiş olunub. Nazirlik və tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəal iştirakı nəticəsində təqdim olunan məhsullar satılıb.