Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri BTİ-nin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində iştirak edirlər
Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (WSIS-2022) yekun hissəsi keçirilir. Sammitdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndələri təmsil edir.
Hər il ənənəvi olaraq BTİ, Təhsil, Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İxtisaslaşmış Agentliyi (UNESCO), BMT İnkişaf Proqramı (UNDP), Ticarət və İnkişaf üzrə BMT Konfransı (UNCTAD) tərəfindən birgə təşkil olunan sammit İKT sahəsində çoxtərəfli əməkdaşlıq üzrə fəaliyyətlərin əlaqələndirilməsi, təcrübə və məlumat mübadiləsi üçün səmərəli platforma rolunu oynayır.
Builki sammit “Rifah, inklüzivlik və davamlılıq üçün İKT: Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəqqinin sürətləndirilməsi üçün əməkdaşlıq” mövzusuna həsr olunub.
Tədbir çərçivəsində nazirlər səviyyəsində “dəyirmi masa” toplantısı, çoxsaylı yüksək səviyyəli sessiyalar və təqdimatlar keçirilir. Azərbaycan nümayəndə heyəti sözügedən tədbirlərdə fəal iştirak edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov “Rəqəmsal fərqin aradan qaldırılması”, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov isə “İKT tətbiqi və xidmətlər” mövzuları üzrə sessiyalarda məruzəçi qismində çıxış edərək, müvafiq istiqamətlər üzrə Azərbaycanda görülən tədbirlər və planlara dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2022” (WSIS-2022 müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı hökumət və qeyri-hökumət qurumları tərəfindən elektron sistemlərə dair layihələr təqdim olunub. Ümumilikdə 18 nominasiya üzrə keçirilən müsabiqədə Azərbaycandan təqdim olunan “ASAN Bridge” sistemi “İKT tətbiqində etimad quruculuğu və təhlükəsizlik” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub və “çempion layihə” seçilib.
Bununla da Azərbaycan İKT-nin uğurlu tətbiqi sahəsində növbəti dəfə BTİ-nin mükafatına layiq görülüb.
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və Şamaxı Rayon İcra Hakimiyyətinin hazırladığı “Vətəndaşların elektron müraciət portalı – www.e-qebul.az” layihəsi ötən il “WSIS-2021” müsabiqəsinin mükafatına layiq görülmüşdü.