Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçall ilə görüşüb.
Görüşdə Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsini nəzərə alaraq, ölkəmizdə yüksək texnologiyaların inkişafı, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, iki ölkə arasında avtomobil, dəniz nəqliyyatı və mülki aviasiya sahəsində əməkdaşlığın daha da aktivləşləşdirilməsi müzakirə olunub.
Bildirilib ki, hazırda Azərbaycan-Rumıniya arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və İKT sahələrində davamlı olaraq inkişaf edir.
Ramin Quluzadə qeyd edib ki, Rumıniya tərəfinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə, eləcə də Azərbaycan, Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə arasında “Tranzit ticarət və nəqliyyat üzrə əməkdaşlıq haqqında” Sazişə qoşulması bu sahədə əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək.
Ana Birçall isə birgə əməkdaşlığın qarşılıqlı marağa əsaslanan əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.