Xəbər

Radiotezliklərdən istifadə üzrə qaydalarda dəyişiklik edilib

Xəbər
Radiotezliklərdən istifadə üzrə qaydalarda dəyişiklik edilib

Radiospektr idarəçiliyi sahəsində münasibətlərin effektiv formada tənzimlənməsi, təkmilləşdirilməsi, eyni zamanda radiotezlik spektrinin ayrılması və istifadəsində şəffaflıq, ədalətlilik prinsiplərinə riayət olunması, hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilib.

 

Yeni dəyişikliyə əsasən, ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq. Radioxidmətlər üzrə yeni texnologiyaların sürətli inkişafı, həmçinin beynəlxalq və regional telekommunikasiya təşkilatları tərəfindən mütəmadi olaraq radiotezlik zolaqlarının istifadə təyinatının dəyişdirilməsi üzrə qəbul edilən qərarlar radiotezliklərin müddətli ayrılmasını zəruri edirdi.

 

Qeyd edək ki, əksər ölkələrdə (Rusiya, Belarus, Gürcüstan, Ukrayna, Polşa, Sloveniya, Cənubi Koreya və s.) radiotezliklər istifadə üçün müddətli ayrılır.

 

Həmçinin radiotezliklərdən istifadəyə dair bağlanacaq müqavilədə tərəflərin öhdəlikləri yeni qaydalara əsasən müəyyənləşdiriləcək. Müqavilə bağlandıqdan sonra istifadəçi tərəfindən öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda, eləcə də ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcək.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə “Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi” barədə yeni maddə əlavə edilib. Həmçinin mövcud 363-cü maddənin adı dəyişdirilərək “Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi” adlandırılıb, maddənin tərkib hissəsinə müvafiq əlavələr olunub.

 

İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər radiotezliklərdən və həmin radiotezliklərə köklənmiş radoelektron vasitələrindən müvafiq qərar və radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsi olmadan istifadə edilməsinin qarşısının alınmasına, dövlət qeydiyyatından keçməmiş elektromaqnit şüalanma mənbəyi sayılan radiorabitə vasitələrinin qurulmasına və istismarına, müvafiq icazə olmadan rabitə şəbəkələrinə qoşulmağa, radioelektron vasitələrinin və yüksəktezlikli qurğuların istehsalına, əldə edilməsinə, idxalına, istifadəsi və qeydiyyatı qaydalarının pozulması hallarının qarşısının alınmasına, radiorabitə vasitələrinin və yüksəktezlikli qurğuların mövcud qayda və qanunlara uyğun istismar olunmasına, efir məkanının təhlükəsiziyinin təmin edilməsinə, qeyri-qanuni fəaliyyət göstərən subyektlərin inzibati qaydada cəzalandırılmasına və onların belə əməllərdən çəkinməsinə şərait yaradacaq.

 

Bu dəyişiklər üzrə müvafiq Qanunların tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 04 fevral 2023-cü il tarixdə müvafiq Fərmanlar imzalanıb və Nazirlər Kabineti tərəfindən lazımi qaydaların hazırlanması barədə tədbirlər müəyyənləşdirilib.

 

Sözügedən qanunların tətbiqi, eləcə də beynəlxalq standartlar və qabaqcıl dünya ölkələrinin təcrübələri nəzərə alınmaqla Fərmanda hazırlanması nəzərdə tutulan yeni qaydaların tətbiqi nəticəsində radiotezliklərdən icazəsiz və qeyri-səmərəli istifadə halları azalacaq, onlardan istifadə üzrə əlçatanlıq və ədalətli bölgü təmin ediləcək.