Radiotezliklərdən istifadə məsələləri ilə bağlı dəyirmi masa keçirildi

Radiotezliklərdən istifadə məsələləri ilə bağlı dəyirmi masa keçirildi

7 oktyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə radiotezliklərdən istifadə məsələləri ilə bağlı görüş keçirilib. Tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, radiotezlik istifadəçisi olan şirkət rəsmiləri, müxtəlif qurumların nümayəndələri və mütəxəssislər iştirak ediblər.

 

Görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezlik istifadəçilərini son dövrlər bu sahədə görülən işlər və yeniliklər barədə məlumatlandırıb: “Ölkəmizdə innovativ cəmiyyətin və rəqəmsal iqtisadiyyatın qurulması, habelə rəqəmsal transformasiya yolunda ən vacib element etibarlı, sürətli, əlçatan internet şəbəkəsinin olmasıdır. Bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində 2021-ci ilin sonuna kimi GPON texnologiyası əsasında 370 min ev təsərrüfatı yüksəksürətli internet şəbəkəsinə qoşulub, 2022-ci ildə isə daha 420 min ev təsərrüfatının qoşulması nəzərdə tutulur. 2024-cü ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internetlə təmin edilməsi və internetin minimum ortalama sürətinin 25 mbps-ə çatdırılması hədəflənir”.

 

Nazir müavini qeyd edib ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının 4 illik fasilədən sonra 2022-ci ildən yeni tərkibdə və formatda fəaliyyətə başlaması ilə tezlik ayrılmasında xüsusi canlanma yaranıb. Sahəni tənzimləyən ciddi normativ tənzimləyici sənədlər qəbul edilib və Dövlət Komissiyasının fəaliyyət göstərmədiyi dövr də daxil olmaqla, 400-dək müraciətə baxılaraq qərar qəbul edilib.

 

Rövşən Rüstəmov bildirib ki, “Təmiz radioefir” konsepsiyası irəli sürülüb. Konsepsiyada radiotezlik idarəçiliyində avtomatlaşdırmanın tətbiqi ilə tezliklərdən icazəsiz istifadənin minimallaşdırılması, tezliklərdən istifadədə əlçatanlığın və efir təhlükəsizliyinin təmin edilməsi və proseslərin sadələşdirilməsi nəzərdə tutulur. Konsepsiyanın reallaşdırılması üçün artıq real işlərə başlanılıb. Belə ki, “Radioelektron vasitələrin qeydiyyatı və radiotezliklərin ayrılması prosedurunun sadələşdirilməsi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində radioelektron vasitələrinə (REV) müvafiq icazələrin verilməsi və onların qeydiyyatı prosesinin “Vahid pəncərə” prinsipi əsasında göstərilməsi nəzərdə tutulur. İlin sonunadək xidmətin istifadəyə verilməsi planlaşdırılır.

 

Nazir müavini əlavə edib ki, eyni zamanda, PMR 446 analoq və rəqəmsal əldə daşınan radiostansiyaların istifadəsi məqsədilə 446,000-446,100 MHs tezlik zolağından istifadə sadələşdirilib. Artıq bu zolaqdan istifadə etmək istəyənlər Dövlət Komissiyasına deyil, birbaşa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə müraciət etməklə və müvafiq sənədləri təqdim etməklə 3 gün ərzində tezlikdən istifadəsini reallaşdıra bilərlər. Buna qədər tezliyin ayrılması prosesi orta hesabla 2 ay müddətində baş tuturdu.

 

Görüşdə o da vurğulanıb ki, beynəlxalq təşkilatların qərar və tövsiyələri və dünyanın əksər ölkələrinin təcrübəsi nəzərə alınmaqla tezlik sahəsində yeni Tarif Metodikası qəbul edilib və tariflər 28 sentyabr 2022-ci il tarixindən etibarən bu metodikaya uyğun olaraq müəyyən edilir. Metodika yuxarı tezlik zolaqlarından daha ucuz qiymətlə istifadə etməyə, regionlarda 25%, işğaldan azad olunmuş ərazilərdə isə 2,6 dəfə aşağı tariflə radiotezliklərdən istifadəyə imkan verir. Əvvəlki tariflərlə müqayisədə qeydiyyat yığımı haqqı üzrə tariflər ləğv edilib. Yalnız birdəfəlik və illik istismar haqqı ödəniləcək. Əvvəlki tariflərdə əsasən radioelektron vasitələrin sayı əsas götürülürdüsə, yeni metodikada radiotezlik zolağının həcmi (genişliyi) əsas götürülür ki, bu da istifadəçilərin qeydiyyatsız REV-lərdən istifadə etməsini əhəmiyyətsiz edir. Bununla da Azərbaycan beynəlxalq yanaşmaya uyğun olaraq, “REV əsaslı tariflərdən tezlik əsaslı tarifə” keçidi təmin etmiş oldu.

 

Bəzi radiotezlik istifadəçiləri tərəfindən hələ də icazəsiz olaraq onlara ayrılmış tezliklərdə qeydiyyatda olmayan REV-lər, bəzi hallarda hətta onlara ayrılmamış tezliklərdən istifadə edirlər. 2021-ci ildə 3,0 min, 2022-ci ilin 9 ayında isə 3,5 min belə icazəsiz REV aşkarlanıb. İcazəsiz tezlik istifadəçilərinə və qeyri-qanuni olaraq REV-lərin idxalı və istifadəsinə qarşı digər tədbirlər davam etdirilir.

 

Qeyd edilib ki, radiotezlik sahəsində aparılan yeniliklərdə əsas məqsəd hüquqi, iqtisadi və texniki tənzimləmə alətləri ilə tezlik istifadəçilərinin radiotezliklərdən şəffaf, ədalətli və səmərəli istifadəsinin təmin edilməsi, xidmət səviyyəsinin artırılması, eyni zamanda ölkəmizdə yeni və simsiz texnologiyaların inkişafının və tezliklərdən effektiv istifadənin stimullaşdırılmasıdır.