Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri ilə görüş keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri ilə görüş keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə telekommunikasiya və poçt sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, regional layihələrdə birgə iştirak, yerli şirkətlərin birgə əməkdaşlığının stimullaşdırılması,  sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsi,  peyk xidmətləri sahəsində əməkdaşlıq  perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


 
Görüşdə qonaqları salamlayan  Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ölkəmizə səfəri çərçivəsində Mahmud Vaezinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasını dövlətlərimiz arasında əməkdaşlıq səviyyəsinin göstəricisi olduğunu bildirib.

 

Ramin Quluzadə 2016-cı ilin İran İslam Respublikası ilə ölkəmiz arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, mühüm əhəmiyyət daşıyan layihələrin icrası, əlaqələrimizin genişləndirilməsi istiqamətində həlledici rol oynadığını qeyd edib.

 

Nazir “Bakutel” Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgi-Konfransında iştiraka görə həmkarına  təşəkkür edib və sərgidə təmsil olunan İranın özəl İT şirkətlərinin Azərbaycanın İKT sektoruna cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edib.

 

İl ərzində ölkəmizdə İKT sektorunda həyata keçirilən işlərdən və layihələrdən bəhs edən R.Quluzadə dekabr ayında ölkə üzrə tam olaraq rəqəmli televiziya yayımına keçildiyini bildirib və bu yeniliyin İranla sərhədyanı ərazilərdə radiotezliklərin tənzimlənməsində xüsusi rol oynadığını diqqətə çatdırıb.


Öz növbəsində  Mahmud Vaezi  rabitə və yüksək texnologiyalar sahəsi üzrə əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib.   Nazir qeyd edib ki, ümumiyyətlə, sahə üzrə mövcud olan potensial imkanlardan  geniş istifadə olunmaqla iki ölkə arasında bütün istiqamətlərdə səmərəli əməkdaşlıq əlaqələri qurulub. O, kosmik sənaye sahəsində faydalı əməkdaşlığın mümkünlüyünü qeyd edib.


Sonda görüş çərçivəsində müzakirə olunan məsələlərin mövcud İşçi Qrup tərəfindən həyata keçirilməsi qərara alınıb.