Prezident İlham Əliyev Bakıdakı 1 saylı poçt filialında yeni xidmət mərkəzinin açılışında iştirak edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsaslı şəkildə yenidən qurulan 1 saylı poçt filialının yeni xidmət mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına yeni xidmət mərkəzi barədə məlumat verdi. Bildirildi ki, nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər poçt və telekommunikasiya binalarında yaradılan yeni xidmət mərkəzlərində təqdim ediləcək. “Şəbəkə” adlanan ilk xidmət mərkəzi Üzeyir Hacıbəyli 36 ünvanında yerləşən 1 saylı poçt filialında istifadəyə verilib. Sahəsi 500 kvadratmetrdən çox olan mərkəz müasir standartlara uyğun əsaslı təmir olunub.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, “Şəbəkə” mərkəzlərində istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb və müasir standartlara uyğundur. Mərkəzdə müştərilər xüsusi özünəxidmət terminalından da istifadə edə bilərlər. Burada son texnoloji tələblərə uyğun avadanlıq – müasir lazer printerlər, monoblok kompüterlər, özünəxidmət köşkləri, valyuta mübadiləsi və ödəmə terminalları, bankomatlar, bank sistemində tətbiq olunan ən müasir növbə aparatı, tam yenilənmiş abunə qutuları quraşdırılıb, müasir tələblərə cavab verən çeşidləmə otağı yaradılıb. “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətlərinin təşkili də nəzərdə tutulub. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər. Xidmətlərin vahid məkanda cəmlənməsi vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişlərə imkan yaradıb.
Dövlət başçısına və xanımına mərkəzdəki e-GovPay ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Yaxın gələcəkdə isə həmin sistem vasitəsilə dövlət rüsumları da ödəniləcək. “Şəbəkə” xidmət mərkəzlərinin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir. Burada işçi heyəti üçün treninqlər də keçirilir. İşə 60 nəfərdən çox əməkdaş cəlb olunub. Bildirildi ki, Bakı şəhərində ilkin mərhələdə 10 belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Xəzər, Yasamal və Binəqədi rayonlarında “Şəbəkə” xidmət mərkəzlərinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir. Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.
Mərkəzdəki “elektron imza” və “elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Qeyd olundu ki, müxtəlif ölkələrə səyahətə və istirahətə gedənlər də buradan sərfəli qiymətə aviabiletlər əldə edə bilərlər. Bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin bütün günlərində səhər saat 9-dan axşam saat 8-dək xidmət göstəriləcək.
Yeni xidmət mərkəzi ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.