“Oxy Generator” layihəsi “İdeyadan biznesə” startap turunun Mingəçevir üzrə qalibi oldu
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə keçirilən startap turu ilk olaraq Mingəçevir şəhərində baş tutub.
Startap turuna Mingəçevirlə yanaşı, Şəki, Gəncə, Tərtər, Şəmkir, Ağdaş və digər ətraf rayon və şəhərlərdən olan 100-dək gənc qatılıb.
Mingəçevir Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ilk olaraq iştirakçılar üçün informativ sessiya keçirilib.
Bildirilib ki, turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.
Tədbir çərçivəsində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən keçirilən infosessiyada isə məlumat verilib ki, bugünkü startap turunun iştirakçıları innovativ ideyaları olduğu təqdirdə Fondun elan etdiyi VI Qrant müsabiqəsində də iştirak edə bilər. Qeyd edilib ki, qrant müsabiqəsinə layihələrin qəbulu 30 aprel 2018-ci il tarixinədək davam edəcək.
Daha sonra təşkil olunan interaktiv hissədə startap turunun Mingəçevir şəhəri üzrə müəyyən edilmiş mentorları tərəfindən iştirakçılar üçün müsabiqə və müxtəlif mövzular üzrə təlimlər keçirilib. Təlimlərdən sonra 9 komanda formalaşdırılıb və komandalar arasında müsabiqə keçirilib. Komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.
Müsabiqədə Mingəçevir şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Birinci yerin sahibi “Oxy Generator” layihəsi ilə Rəhman Cəfərli, “Onlayn növbə” ideyası ilə Əkbər Hüseynov ikinci, “Branch Fi” layihəsi ilə Anar Quliyev isə üçüncü olub. Davud Quliyevə isə “Qazanaq” adlı layihəsini təkmilləşdirməsi şərti ilə yenidən startap turuna qatılması təklif olunub.
Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb.
Xatırladaq ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
Növbəti startap turlarının Lənkəran, Quba, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində keçirilməsi nəzərdə tutulur. Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.
Qeyd edək ki, layihənin təşkilatçıları Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “Microsoft” şirkəti, tərəfdaşları isə “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və “Azercell” şirkətidir.