Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallıda vətəndaşlarla görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallıda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallı şəhərində vətəndaşlarla görüşüb.

 

Nazir Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.

 

Vətəndaşların müraciətləri, əsasən, telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələləri əhatə edib.

 

Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.

 

Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Regional səfər çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

 

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə xidmət keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması  barədə tapşırıqlar verib.