Nazirlik əməkdaşları üçün şəffaflıq və etik davranış qaydalarına dair təlim keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı üçün hesabatlılıq və şəffaflığın təmin olunmasına, eləcə də dövlət qulluqçularının etik davranış qaydalarına dair təlim təşkil olunub. Təlimi Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov keçib.
Əməkdaşlara ölkəmizdə korrupsiyaya qarşı mübarizə strategiyasına uyğun olaraq icra edilən dövlət proqramları və milli fəaliyyət planları, eləcə də bu sahədə Azərbaycanın beynəlxalq platformalarda həyata keçirdiyi tədbirlər barədə təqdimat nümayiş olunub.
Bununla yanaşı, “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarda əksini tapmış maraqların toqquşması, korrupsiya hüquqpozmaları, korrupsiyaya şərait yaradan hüquqpozmalar və dövlət qulluqçularından gözlənilən etik davranış qaydaları praktiki nümunələr əsasında izah edilib.