Nazir Rəşad Nəbiyev Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq arasında görüş keçirilib.
Görüşdə Azərbaycan-Koreya əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın xüsusi rol oynadığı vurğulanıb. Bildirilib ki, Komissiyanın növbəti iclasının 2022-ci ilin ikinci yarısında Seul şəhərində təşkili ilə əlaqədar danışıqlar aparılır.
Görüş zamanı iki ölkə arasında rəqəmsal transformasiya, innovasiya və startaplar sahəsində mövcud əməkdaşlıq və Koreyanın İKT ekspertlərinin ölkəmizə dəvət olunması məsələsi müzakirə edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), eləcə də Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) tərəfdaşlığı ilə innovasiya və “ağıllı şəhər” sahəsində həyata keçiriləcək layihələr üzrə danışıqların cari statusuna dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda, İT üzrə təhsil sahəsində münasibətlərin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Azərbaycanlı gənclərin Koreyanın ali məktəblərində İT sahəsində təhsil alması, eləcə də mütəxəssislərimizin Koreya İnternet Təhlükəsizliyi Agentliyi (KISA) tərəfindən təşkil olunan qısamüddətli kibertəhlükəsizlik təlimlərində iştirakı məsələsi müzakirə predmeti olub.
Nazir Rəşad Nəbiyev rəqəmsal transformasiyanın Azərbaycan Hökumətinin gündəliyində vacib yer tutduğunu diqqətə çatdırıb. Hazırda bu sahədə görülən işlər, eləcə də perspektiv planlar barədə Koreya səfirinə ətraflı məlumat verib. Qeyd olunub ki, nazirlik hədəflərə çatmaq üçün qlobal tərəfdaşlarla ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.