Xəbər

Nazir müavini Astanada “VIII Yeni İpək Yolu” Biznes Forumu və İƏT nəqliyyat nazirlərinin 14-cü görüşündə iştirak edib

Xəbər
Nazir müavini Astanada “VIII Yeni İpək Yolu” Biznes Forumu və İƏT nəqliyyat nazirlərinin 14-cü görüşündə iştirak edib

Qazaxıstanın paytaxtı Astana şəhərində “VIII Yeni İpək Yolu” Biznes Forumu keçirilib. Toplantıda Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Nazir müavini forum çərçivəsində “Fəaliyyətlərin əlaqələndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və rəqəmsallaşdırma” mövzusunda keçirilən nümayəndə heyəti rəhbərlərinin iclasında, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlıq edən ölkələrin nəqliyyat nazirlərinin görüşündə çıxış edib. O, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində strateji mövqeyi və regional bağlantıların möhkəmləndirilməsində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Orta Dəhlizin inkişafı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması, Zəngəzur dəhlizinin reallaşdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Xəzər dənizində yükdaşıma imkanlarının artırılması məsələlərinə toxunulub.

Çıxışda nəqliyyat-logistika proseslərinin rəqəmsallaşdırılması da diqqət mərkəzində olub. Bu baxımdan Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə yaradılan “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinin fəaliyyəti, Orta Dəhliz üzrə çoxtərəfli sazişin hazırlanması təşəbbüsü qeyd edilib. Həmçinin Azərbaycanın nəqliyyat, logistika, idxal, ixrac və tranzit əməliyyatlarının rəqəmsallaşdırılmasına xidmət edən “Bir pəncərə” milli informasiya sistemi barədə məlumat verilib.

Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat nazirlərinin 14-cü görüşündə çıxış edən nazir müavini Cavid Qurbanov Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Bildirib ki, regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və dayanıqlı nəqliyyat sisteminin formalaşdırılması ölkəmizin əsas prioritetlərindəndir.

Çıxış zamanı müasir avtomobil yolları və logistika mərkəzlərinin ölkənin multimodal nəqliyyat sisteminin inkişafındakı rolu qeyd olunub. Nazir müavini nəqliyyat-logistika proseslərinin rəqəmsallaşdırılmasını nəzərdə tutan “Bir pəncərə” logistika platformasının beynəlxalq avtomobil daşımalarında elektron icazələrin mübadiləsinə, elektron yük qaimələrinin tətbiqinə və dəmir yolu administrasiyaları arasında elektron məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaradacağını bildirib.

Nazirlər görüşünün yekununda Astana Bəyannaməsi, habelə “İƏT-in 2026–2035-ci illər üzrə Davamlı və Dayanıqlı Nəqliyyat Strategiyası” qəbul edilib.