Müntəzəm avtobus marşrutları ilə Şuşa və Ağdam şəhərlərinə 4448 sərnişin səfər edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 114 reys həyata keçirilib, 4448 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.
Sərnişinlərdən 3049-u Şuşaya səfər edib. Onlardan 1781 nəfər Bakı-Şuşa-Bakı, 1268 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib.
Ağdama isə ümumilikdə 1399 sərnişin səfər edib. Onlardan 568 nəfər Bakı-Ağdam-Bakı, 831 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.
67 nəfər imtiyazlı şəxs (Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri) işğaldan azad olunmuş ərazilərə ödənişsiz səfər edib.
Səfər zamanı müvafiq xidmətlərin göstərilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri könüllülər və polis əməkdaşları müşayiət edir. Şuşa və Ağdam şəhərlərindəki tarixi, mədəni və dini abidələri ziyarət peşəkar bələdçinin iştirakı ilə təşkil olunur.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi, habelə pandemiya şəraitində yoluxma risklərinin minimuma endirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılıb.