İnternet informasiya ehtiyatlarına qarşı yönəlmiş kiberhücumlarla əlaqədar Elektron Təhlükəsizlik Xidmətinin məlumatı
Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir. DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır. Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısa müddətli fasilələr yaranıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, internet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.
Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərini gücləndirməyi, daimi olaraq resurslarının monitorinqini həyata keçirməyi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətləri müvəqqəti olaraq məhdudlaşdırmağı tövsiyə edir.
Xahiş olunur ki, hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.