İnnovasiyalar Agentliyi ilə Macarıstanın aparıcı texnoloji şirkət və qurumları arasında dördtərəfli memorandum imzalanıb

İnnovasiyalar Agentliyi ilə Macarıstanın aparıcı texnoloji şirkət və qurumları arasında dördtərəfli memorandum imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, “Turan Trade” MMC, “Startup Campus” LTD və HEPA Macarıstan İxrac Agentliyi səhmləri məhdudlaşdırılmış qeyri-kommersiya şirkəti arasında “Sahibkarlığın İnkişafı Sahəsində Əməkdaşlıq” üzrə dördtərəfli memorandum imzalanıb.

 

Memorandumu imzalayan tərəflərin malik olduğu təcrübə və infrastruktur sayəsində “Avropanı kəşf et” onlayn proqramının icra edilməsi planlaşdırılır. 

 

Sözügedən proqram Avropa bazarına yeni xarici startapların və təcrübənin cəlb edilməsi ilə yanaşı, Avropa startaplarının digər bazarlara çıxışının təmin edilməsi üçün nəzərdə tutulub.

 

Proqram çərçivəsində qurumlar öz məsul olduğu sahədə təcrübələri, texniki, maddi resursları ilə öz yerli startaplarının Avropa bazarına çıxışını təmin edəcək və bu istiqamətdə onlara dəstək göstərəcəklər.

 

Proqramı uğurla tamamladıqdan sonra İnnovasiyalar Agentliyi bu təcrübəni digər qurumlarla bölüşmək niyyətindədir.

 

Yerli biznes ehtiyaclarını qiymətləndirdikdən sonra memorandumu imzalayan tərəfdaşlar enerji və ağıllı şəhərlərə əsaslanan innovasiyalara fokuslanaraq “Azərbaycanı kəşf et” və “Avropanı kəşf et” ikitərəfli akselerasiya proqramlarını həyata keçirmək barədə razılığa gəliblər.

 

İştirak edən startap və kiçik və orta sahibkarlar bölgənin innovasiya ekosistemi ilə tanış olacaq və hədəf bazarları, potensial korporativ tərəfdaşlar və yerli investisiya imkanları barədə faydalı məsləhətlər alacaqlar. Proqramın idarəsi və uğurla həyata keçirilməsi “Startup Campus” LTD tərəfindən təşkil olunacaq.