Xəbər

İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

Xəbər
İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (TK-05) növbəti iclası keçirilib.

 

İclasda 2022-ci il üzrə Fəaliyyət Planına uyğun görülmüş işlər və 2023-cü ildə qarşıda duran həlli vacib məsələlər, o cümlədən sahə üzrə aktual hesab edilən yeni milli standartların hazırlanması müzakirə edilib.

 

Cari il ərzində Texniki Komitə tərəfindən üç iclas keçirilib, İKT sahəsi üzrə nəzərdə tutulan yeddi milli standart hazırlanıb və mövcud qanunvericiliyə uyğun olaraq əvvəl qəbul olunmuş digər yeddi standartın dövri baxışı həyata keçirilib.

 

Standartlaşdırma elm, texnika və qabaqcıl təcrübənin nəticələrinə əsaslanaraq nəinki hazırkı, həmçinin gələcək inkişafın əsasını təyin edir, eləcə də elmi-texniki tərəqqi ilə bağlı olaraq daim inkişaf edir. İKT sahəsinin dinamik inkişafı bu sahədə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da milli standartların yaradılmasını zəruri edir.

 

Qeyd edək ki, Texniki Komitənin yeni tərkibi, əsasnaməsi və strukturu 27 dekabr 2021-ci il tarixində təsdiq edilib. Komitənin sədri RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, katibi isə nazirliyin Texnoloji inkişaf şöbəsinin baş məsləhətçisi Qulam Abdullayevdir. Texniki Komitənin üzvlərinə müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri və İKT üzrə fəaliyyət göstərən şirkətlərdən mütəxəssislər cəlb edilib.