İlham Əliyev "Cisco" şirkətinin baş vitse-prezidentini qəbul edib

İlham Əliyev "Cisco" şirkətinin baş vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev "Cisco" şirkətinin baş vitse-prezidenti Maykl Qanseri qəbul edib.

 

"Cisco" şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğuladı və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, "Cisco" şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini dedi və bildirdi ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.

 

Maykl Qanser XXII “Bakutel” sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi. "Cisco" şirkətinin baş vitse-prezidenti tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və “Formula-1” yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin "Cisco" şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd etdi.

 

"Cisco" şirkətinin baş vitse-prezidenti Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını dedi.