Gələn həftə irimiqyaslı nəqliyyat sərgilərinə start verilir
11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika – “TransCaspian/Translogistica 2018”, 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat – “Road & Traffic 2018” sərgiləri keçiriləcək.
Bu gün sözügedən sərgilərlə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgilərin Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biri olduğunu qeyd edib. O bildirib ki, sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.
Nazir müavini sərginin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəkləndiyini vurğulayıb.
O bildirib ki, ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət qurumlarının sərgidə fəal iştirakı sərginin nüfuzundan xəbər verir.
Eyni zamanda, E.Vəlizadə TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) göstərdikləri dəstəyə görə təşəkkür edib.
Daha sonra çıxış edən “İteca Caspian” şirkətinin satış üzrə direktoru Rəna Abutalıbova məlumat verib ki, “TransCaspian/Translogistica” sərgisi Böyük Britaniyanın “ITE Group” şirkətlər qrupu tərəfindən təşkil olunan “TransRussia” (Moskva), “TransPoland” (Varşava), “TransUzbekistan” (Daşkənd), “TransUkraine” (Kiyev) və “TransKazakhstan” (Almatı) kimi ixtisaslaşmış nəqliyyat-logistika sərgiləri, eləcə də “BreakBulk” beynəlxalq sərgilər (Antverpen, Hyuston, Şanxay, Əbu-Dabi, Kuala-Lumpur) və digər tədbirlər silsiləsinə daxildir.
Onun sözlərinə görə, bu il “TransCaspian/Translogistica” sərgisində dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir.
R.Abutalıbova qeyd edib ki, sərgi iştirakçılarının 30%-dən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır.
Builki sərginin qonaqları arasında Ukrayna, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətlərinin nümayəndələri, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (“DYƏT”) və Qazaxıstan Respublikası İnvestisiya və İnkişaf Nazirliyinin nümayəndələri yer alır.
Mətbuat konfransında məlumat verilib ki, 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində paralel olaraq 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi də keçiriləcək. “Road & Traffic 2018” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir.
Sərgidə Azərbaycan, ABŞ, Belarus, İran, Polşa, Rusiya, Türkiyə və ilk dəfə olaraq Slovakiyanı təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər xidmət və məhsulları “Road & Traffic 2018” sərgisində təqdim edəcəklər.
Yerli iştirakçıların arasında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də vardır. Builki sərginin debütantları arasında isə “Macina TST” (Belarus), “Paya Tadbir Pakan” (İran), “Pietrucha” (Polşa), “SORB Group” (Rusiya) və “Molpir” (Slovakiya) vardır.
Sərgiyə ilk dəfə qatılan Rusiyanın Yaroslavl Diyarının istehsalçıları tədbirdə ayrıca stendlə iştirak edirlər.
Sərgi eksponentləri yolların tikintisi və saxlanılması üçün bir sıra məhsul və xidmətləri, layihələndirilmə və tikinti, yol-inşaat texnikası, yol tikintisi üçün geosintetik materiallar, yol hərəkəti idarəetmə sistemləri üçün avadanlıqlar, elektron yol monitorları, “QAZ” avtobuslarının yeni modelləri və s. məhsulları təqdim edəcəklər.
“Road & Traffic 2018” sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək üçün ideal şərait yaratmaqla yanaşı, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması üzrə hökumətin mövcud infrastruktur layihələri, eləcə də perspektiv planları ilə yaxından tanış olmağa imkan verəcək.
Bu il sərginin işgüzar proqramı çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Bakı Ekspo Mərkəzinin 22 nömrəli otağında “Nəqliyyat Xidmətinin Yeni Yol Planı” mövzusunda konfrans keçiriləcək. Konfransın sonunda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Ali Məktəblər arasında qarşılıqlı əməkdaşlıq memorandumlarının imzalanması planlaşdırılır.
Həmçinin sərginin ikinci iş günü “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər sayəsində iştirakçılar yeni məhsul və xidmətləri təqdim və kəşf etmək, yeni biznes imkanlarını araşdırmaq, potensial müştərilər tapmaq və işgüzar təcrübə mübadiləsi aparmaq məqsədi ilə aparıcı yerli şirkətlərlə görüşə biləcəklər.
Qeyd edək ki, sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.
Sərgilər peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixlərində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq.