“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

“Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb.

 

Məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.

 

Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib. Digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Elektron qaydada müraciət etdikdən sonra “Fərqlənmə nişanı”nın verilməsi üçün verginin, məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsinin təmin edilməsi üçün sistem Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət Ödəniş Portalı ilə əlaqələndirilib. Vətəndaşlar sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistem tərəfindən verilən sənəd əsasında banklarda Hökumət Ödəniş Portalı üzərindən ödənişlərini həyata keçirə biləcəklər. Mövcud qanunvericiliyin tələblərinə əsasən “Fərqlənmə nişanı” ciddi hesabat blankı olduğundan, daşıyıcılar elektron qaydada müraciət etdikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq regional qurumuna heç bir sənəd təqdim etmədən yalnız adlarına rəsmiləşdirilmiş “Fərqlənmə nişanı”nın götürülməsi üçün müraciət edəcəklər.

 

Onlayn müraciət xidməti avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.

 

Qeyd edək ki, elektron xidmət www.e-fn.danx.gov.az saytında yerləşdiriləcək. Elektron xidmətin 1 fevral 2022-ci il tarixində istifadəyə verilməsi nəzərdə tutulur.