Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub

Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatları nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məhv edilmiş bütün  infrastrukturun yenidən qurulmasına başlanılıb.    

 

Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıdaraq rahat və bütün lazımi infrastrukturla təmin olunmuş şəkildə yaşamaları üçün əsaslı işlər davam etdirilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən  kəndin telekommunikasiya infrastrukturu yenidən  qurulub.  

 

Belə ki, “Aztelekom” MMC tərəfindən Cocuq Mərcanlı kəndinə 10 km məsafədən optik kabelin  çəkilməsi üçün qazıntı işləri aparılıb, 64 nömrə tutumlu EATS-in tikinti-quraşdırılma işləri yekunlaşıb. İlk dəfə olaraq kənd daxilində telefon kabellərinin  yeraltı çəkilməsi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkənin qurulması işləri  həyata keçirilib.

 

İlkin mərhələdə kənddə yeni tikilən 50 evin hamısı, həmçinin məktəb və dövlət əhəmiyyətli obyektlər telefonlaşdırılıb, internetlə təmin olunub.

 

Gələcəkdə yeni tikiləcək bütün evlər və digər obyektlər də müvafiq infrastrukturla – rabitə və telekommunikasiya ilə təmin ediləcək.  

 

“Aztelekom” MMC-nin rəhbərliyinin Cocuq Mərcanlıya bugünkü səfəri çərçivəsində sakinlərdən Hüseynovlar ailəsinin səhhətində olan problemlərə görə məktəbə gedə bilməyən qızına  bilik və bacarıqlarını artırmaq üçün bir ədəd noutbuk, telefon və internətə girişi təmin etmək üçün modem hədiyyə olunub. Ailənin məskunlaşdığı evə telefon və internet çəkilişi də ödənişsiz həyata keçirilib.

 

“Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev bildirib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Sərəncamına müvafiq olaraq, hazırda Cocuq Mərcanlıda yaşayacaq əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün görülən işlər yekunlaşıb.

 

“Burada ən son texnologiyalar tətbiq olunmuş avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulan  elektron ATS-in tutumu  gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Gələcəkdə azad olunacaq digər torpaqlarımızda da, böyük məmnuniyyətlə, müasir rabitə və telekommunikasiya şəbəkəsini qısa zaman ərzində keyfiyyətlə qurmağa hazırıq”- deyə baş direktor qeyd edib.