Beynəlxalq Telekommunikasiya İttifaqının televiziya, radio və mobil rabitə üzrə mütəxəssislərinin Azərbaycana səfəri başa çatıb

Beynəlxalq Telekommunikasiya İttifaqının televiziya, radio və mobil rabitə üzrə mütəxəssislərinin Azərbaycana səfəri başa çatıb

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) televiziya, radio və mobil rabitə üzrə mütəxəssislərinin Azərbaycana səfəri başa çatıb.

 

27 iyun – 1 iyul 2022-ci il tarixlərində sərhədyanı ərazilərdə televiziya, radio və mobil rabitə şəbəkələrinin beynəlxalq normalara uyğunlaşdırılması üzrə müzakirələr aparılıb. Müzakirələr çərçivəsində qonşu ölkələrin yayımlarının ölkə ərazisinə nüfuz etməsi məsələsi BTİ-nin ekspertləri ilə danışılıb. Bu yayımların beynəlxalq tələblər çərçivəsində tənzimlənməsi üçün Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qəbul edilmiş normativ hüquqi sənədlərdəki müvafiq müddəalar və məsələnin həlli yolları BTİ-nin ekspertləri tərəfindən təklif edilib.

 

Səfər çərçivəsində, həmçinin BTİ-nin mütəxəssisləri tərəfindən televiziya, radio, mobil və fiksə olunmuş rabitə xidmətlərinin beynəlxalq tənzimlənməsinə dair Dövlət Radiotezliklər İdarəsi, Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi, Azərkosmos və mobil rabitə operatorlarının mütəxəssisləri üçün seminarlar təşkil edilib.

 

TV, radio və mobil rabitə şəbəkələrinin sərhədyanı ərazilərdə tənzimlənməsi ilə bağlı BTİ ilə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

 

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əldə olunmuş razılaşmaya əsasən, azərbaycanlı mütəxəssislərlə müzakirələrin aparılması üçün BTİ-nin yerüstü xidmətlər üzrə iki eksperti Bakıda bir həftə müddətində səfərdə olub. Müzakirələrin məqsədi BTİ-nin ekspertlərini ölkənin efir məkanına müdaxilələrlə tanış etmək və sərhədyanı ərazilərdə yayımların beynəlxalq tələblərə uyğun tənzimlənməsi üçün dünya ölkələrində mövcud olan təcrübə nəzərə alınaraq həlli yollarını birgə müəyyənləşdirməkdir.