Xəbər

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonun “Bakutel 2017” sərgi-konfransının iştirakçılarına təbriki

Xəbər
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Caonun  “Bakutel 2017” sərgi-konfransının iştirakçılarına təbriki

Hörmətli xanımlar və cənablar!

 

“Bakutel” sərgisi yeni ideyaların irəli sürülməsi, yeni layihələrin araşdırılması və yeni tərəfdaşlıq əlaqələrinin qurulması üçün bu il də dünyanın 20 ölkəsindən 200-dən artıq şirkəti, o cümlədən Azərbaycanın aparıcı İKT şirkətlərini bir araya toplayan unikal platformaya çevrilib və bu, mənə çox heyranedici təsir bağışlayır. 

 

Mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin 2003-cü ildə Cenevrə şəhərində keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində etdiyi müraciəti xatırlayıram – ölkə başçısı “Qara qızıl”ı “İnsan qızılı”na çevirmək barədə danışanda, mən də salonda idim.

 

Həmin dövrdən bəri Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər ölkənin sosial-iqtisadi inkişafını stimullaşdırmaqla yanaşı, Azərbaycanı regionun liderlərindən birinə çevirib. Biz bu yaxında İnformasiya cəmiyyətinin dəyərləndirilməsi üzrə hesabatın 2017-ci il üçün buraxılışını dərc etdirmişik və bu hesabata əsasən, Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) regionunda 5-ci yeri tutur.

 

Bu baxımdan, “Bakutel” sərgisi Azərbaycanda reallaşdırılan rəqəmli transformasiyanın təsdiqidir.

 

Sərginin keçiriləcəyi 4 gün ərzində mütəxəssis və peşəkarlar süni intellektdən tutmuş “ağıllı” şəhərlərə qədər İKT üzrə gələcək nəsil həll variantlarını təqdim edəcəklər. Bu tədbir həm gənc mütəxəssislər, həm də “startap”lar üçün ixtira, layihə və xidmətləri potensial sərmayədarlara nümayiş etdirmək baxımından möhtəşəm fürsətdir. Biz hamımız  “startap”ların, sahibkar, kiçik və orta müəssisələrin bugünkü rəqəmli iqtisadiyyatda iş  yerlərinin açılması və innovasiyaların inkişafı üçün nə qədər önəmli olduğunu bilirik.

 

İnnovasiya Azərbaycanın təxminən bir il əvvəl qəbul etdiyi İKT sektorunun inkişafına dair strateji yol xəritəsinin əsasını təşkil edir. Mən Azərbaycanın Yüksək Texnologiyalar Parkının (YTP) ötən ilin sentyabr ayında Cənubi Koreyanın Busan şəhərində keçirilmiş “ITU Telecom World 2017” sərgisində ən yaxşı və ən innovativ eksponentlərdən biri kimi qəbul edilməsini gördüm və bu, məni məmnun etdi.

 

Fürsətdən istifadə edərək, uzun illər “ITU Telecom World” tədbirlərinə dəstək verməklə yanaşı, bu tədbirlərdə iştirak edib loyallıq nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığımı bildirirəm. 

 

BTİ olaraq, biz Azərbaycan Respublikası ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk və Baş katib kimi, mən Azərbaycanın son 3 il ərzində BTİ Şurasının sessiyalarına verdiyi mühüm töhfəyə görə ölkə rəhbərliyinə minnətdaram. Mən Azərbaycan nümayəndə heyətinin oktyabr ayında Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransında fəal iştirakını da yüksək qiymətləndirirəm. Bu konfransın əsas mesajlarından biri İKT sektorunun gücünü hər bir xalq, eləcə də bütün insanlar və cəmiyyətin istənilən seqmenti üçün əlçatan etmək məqsədi ilə səyləri birləşdirmək olub.

 

“Bakutel” sərgisi yeni texnologiya və ideyalar aləmini, eləcə də (ələlxüsus, söhbət dayanıqlı inkişafdan gedirsə) İKT-nin geniş imkanlarını nümayiş etdirməklə, bizi fərdi şəxs, təşkilat və tərəfdaşlar kimi bir-birimizə daha da yaxın edir.

 

Mən hamınıza “Bakutel 2017" sərgisində uğurlu və məhsuldar vaxt keçirməyi arzulayıram!