Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Azərbaycan startapçıları ilə görüşüb

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Azərbaycan startapçıları ilə görüşüb

Bakıda “Bakutel-2016” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və “İKT həftəsi” çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Houlin Caonun Azərbaycan startapçıları ilə görüşü keçirilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilati dəstəyi ilə keçirilən görüşdə H.Cao BTİ-nin yürütdüyü siyasətdə startapçıların inkişafına verilən önəm və bu sahədə aparılan işlərdən danışıb. Gələcək iqtisadi inkişafda İKT sahəsinin əhəmiyyətli rola malik olduğunu deyən H.Cao bu baxımdan startapların fəaliyyətinin, bu sahədə novatorluğun və yeni ideyaların dəstəklənməsinin BTİ-nin üzv ölkələri, o cümlədən Azərbaycan üçün də prioritet istiqamət olduğunu bildirib.

 

Baş katib Azərbaycanın neft resurslarına malik olduğunu da xatırladaraq, İKT-nin gələcək inkişafı naminə “qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində ölkədə aparılan ardıcıl və sistemli tədbirlərin təqdirəlayiq olduğunu bildirib.

 

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda startapların inkişaf etdirilməsinə yönələn dövlət siyasəti haqda məlumat verib. Nazir müavini startapların fəaliyyətinin gücləndirilməsi üçün münbit şərait yaradıldığını, bu sahədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xüsusi rol oynadığını nəzərə çatdırıb.

 

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov Azərbaycanda İKT sahəsinin dinamik inkişafının qürurverici olduğunu diqqətə çatdırıb.

 

Daha sonra BTİ-nin baş katibi startapçıların suallarını cavablandırıb.  Görüşün sonunda Azərbaycan startapçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayan Houlin Cao onlarla xatirə şəkli çəkdirib.