Beynəlxalq hesabatda Azərbaycanın elektromobil infrastrukturunun inkişafı siyasətinə istinad olunub
Beynəlxalq Nəqliyyat Forumu (BNF) ictimaiyyət üçün əlçatan elektrik nəqliyyat vasitələrinin enerjidoldurma infrastrukturuna həsr olunan yeni hesabat yayımlayıb.
Sənəddə bu sahənin inkişafı ilə bağlı beynəlxalq təcrübə təqdim edilib. Həmçinin dövlət siyasətinin təsiri, investisiyaların təşviqi, enerjidoldurma məntəqələrinin əlçatanlığının artırılması, rəqabət mühitinin inkişafı məsələləri əhatə olunub.
Qeyd edilib ki, düzgün dövlət siyasəti enerjidoldurma infrastrukturuna investisiyaların cəlb olunmasını asanlaşdırır. Bu sahədə tətbiq olunan güzəştlər elektrik nəqliyyat vasitələri bazarının inkişafını dəstəkləyir və yeni investisiyaları stimullaşdırır.
Hesabatda Azərbaycanın tətbiq etdiyi fiskal təşviq mexanizmləri beynəlxalq təcrübələr sırasında qeyd olunub. Ölkələrin, o cümlədən Azərbaycanın elektromobilliyin inkişafını dəstəkləmək üçün öz milli şəraitinə uyğun təşviq mexanizmlərindən istifadə etdiyi bildirilib.
Azərbaycan təcrübəsinin BNF-nin hesabatında qeyd olunması ölkədə elektromobilliyin inkişafı və enerjidoldurma infrastrukturunun genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətin beynəlxalq səviyyədə tanındığını göstərir.