Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı Azərbaycana təqdim olunub

Fransanın ev sahibliyi ilə keçirilən 73-cü Beynəlxalq Astronavtika Konqresi bu gün başa çatıb. “Kosmos hamı üçün əlçatandır” (Space for all) mövzusunda təşkil olunan tədbirdə 110 ölkədən 9300-dən çox nümayəndə iştirak edib.

 

Bağlanış mərasimində Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov 2023-cü ildə Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatla çıxış edib, dövlət qurumları, özəl şirkət və elmi cəmiyyətləri tədbirdə iştirak üçün Bakı şəhərinə dəvət edib.

 

Daha sonra Azərbaycanın kosmik sahədə gördüyü işlər, ölkənin tarix, mədəniyyət və turizm imkanlarını əks etdirən videoçarx nümayiş olunub.

 

Beynəlxalq Astronavtika Federasiyasının bayrağı 74-cü konqresə ev sahibliyi edəcək Azərbaycanın nümayəndə heyətinə təqdim edilib.

 

Federasiyanın üzvləri, Büro və komitələri Bakının belə bir əhəmiyyətli tədbirə ev sahibliyi etməsindən məmnun olduqlarını ifadə ediblər.

 

Konqres günlərində Azərkosmosun nümayəndə heyəti çoxlu sayda plenar iclas, elmi konfrans, texniki sessiya və biznes görüşlərinə qatılıb. Beynəlxalq kosmik ictimaiyyətin gələn il Azərbaycanda keçiriləcək növbəti tədbirə dəvət olunması ilə bağlı aktiv təbliğat-təşviqat işləri aparılıb.

 

Həmçinin konqres çərçivəsində keçirilən elmi sessiya və texniki proqramlarda Azərbaycanın professor və gənc mütəxəssisləri kosmos sahəsində elmi tədqiqat işlərini geniş auditoriyaya təqdim ediblər. Beynəlxalq Astronavtika Federasiyası Azərbaycandan ümumilikdə 34 elmi məqalə qəbul edib. Həmin elmi yazılarda kosmosda hüquq, kosmosda yeni növ teleskopların qurulması, məsafədən müşahidə peykləri vasitəsilə iqlim dəyişikliyinin dəyərləndirilməsi istiqamətində həllər, kosmik elm, təhsil və tədris sahəsində “Cansat Azərbaycan” kimi model peyk yarışlarının əhəmiyyəti və regional səviyyədə keçirilməsi və digər mövzular əksini tapıb.

 

Qeyd edək ki, Bakı ilk dəfə 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. 50 ildən sonra qlobal kosmos ictimaiyyəti yenidən Azərbaycanda toplanacaq.