“Bakutel” sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Huawei” şirkətinin sponsorluğu ilə 29-30 noyabr tarixlərində “Bakutel-2016” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Əşyaların İnterneti. Növbəti nəsil” mövzusunda konfrans keçiriləcək.
Konfransda “Huawei”, “SAP” və “Cisco” kimi qlobal informasiya texnologiyaları şirkətlərinin, eləcə də yüksək texnologiyalar sahəsi üzrə bir sıra beynəlxalq təşkilatların, konsaltinq qurumlarının, mikrosxem/modul/avadanlıq təchizatçılarının və mobil operatorların nümayəndələri iştirak edəcək.
Tədbir çərçivəsində “İKT strategiyası və “Əşyaların İnterneti”nə dair Planlar”, “Əşyaların İnterneti” Mühiti və Marketinq Təhlili” ilə bağlı yeni biznes imkanları kimi mövzular müzakirə olunacaq.
Konfransda, həmçinin mobil operatorlar tərəfindən idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşdırma və biznes inkişaf strategiyaları müzakirə olunacaq.
Eyni zamanda, forumda “ağıllı əşya”lar sənayesinin inkişafı üçün açıq və neytral platformanın yaradılması, bu sahədə yaranan problemlər və gələcək inkişaf perspektivləri ilə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək.